Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ailədaxili zorakılığa qarşı kampaniyası çərçivəsində ali təhsil müəssisələrini də prosesə cəlb edib.
Sherg.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, bir sıra universitetlərdə ailədaxili zorakılığa qarşı daha sərt qanunvericilik tədbirlərini nəzərdə tutan təşəbbüslərə dəstək məqsədilə imza toplanır. Təhsil müəssisələrində bunun zəruriliyi ilə bağlı sualın yer aldığı iri bannerlər də yerləşdirilib.
Qəzetin yazdığına görə, İrəvan Dövlət İqtisadiyyat Universitetinin rəhbərliyi tələbələrdən imza toplama kampaniyasına qoşulmağı xahiş edib. Oxşar təşəbbüs Amerika Universitetində də həyata keçirilir.
Anna Akopyan iyulun 2-də məişət zorakılığına məruz qalmış qadının hekayəsini əks etdirən video yayımladıqdan sonra bu istiqamətdə ictimai kampaniyaya başlayıb və zərərçəkmiş qadınlarla bir sıra müsahibələr aparıb.
Akopyanın açıqladığı məlumatlara görə, 2025-ci ildə ailədaxili zorakılıq qurbanlarına dəstək mərkəzlərinə 1 444 qadın müraciət edib, onlardan 79-u sığınacaq istəyib. Həmin il ailədaxili zorakılıqla bağlı 1 768 cinayət işi başlanıb.