Ermənistanın ikinci prezidenti Robert Koçaryan bu yaxınlarda ürəyindən əməliyyat olunduğu üçün kardioloqun daimi nəzarətində saxlanılır. Onun səhhəti normaldır. Lakin Koçaryan bu barədə danışmağı sevmir.
Sherg.az xəbər verir ki, bunu jurnalistlərə vəkil Tatevik Soqoyan bildirib.
Vəkilin sözlərinə görə, avqustun sonunda həbs edilən Ermənistanın sabiq prezidenti təkadamlıq kamerada saxlanılır və digər məhbuslarla ünsiyyət imkanından məhrumdur.
“Keçmiş prezident səhhəti ilə bağlı məsələnin ön plana çıxarılmasından hər vəchlə yayınır. Baş nazir isə öz növbəsində ən bayağı və ləyaqətsiz şəkildə daim bu mövzudan manipulyasiya etməyə çalışır”, - Soqoyan deyib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanın həbs edilən müxalifətçilərin “bir ay əvvəl turnikdə fırlandığını, indi isə guya ölüm ayağında olduqlarını” bildirdiyi son açıqlamasını nəzərdə tutub.
Soqoyan həmçinin bildirib ki, Koçaryanın yaxın qohumları ilə görüşməsinə icazə verilir. Onun qohumlarından biri oğlu, deputat Levon Koçaryandır. Lakin ona atası ilə görüşməkdə məhdudiyyət qoyulur.
Vəkilin sözlərinə görə, deputat statusuna görə Levon Koçaryanın bu cür məhdudiyyətlərlə üzləşməməsi lazım olsa da, Koçaryanın oğlu ilə bağlı vəziyyətdə bu qayda tətbiq edilmir. Hazırda məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır.
Levon Koçaryan atasının həbsindən bir gün əvvəl həbs edilən böyük qardaşı Sedrak Koçaryanı da ziyarət edə bilmir. Böyük oğula yalnız həyat yoldaşı və övladı ilə görüşməyə icazə verilib.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan qanunsuz əmlak əldə etməkdə ittiham olunur. İstintaqın versiyasına görə, o, prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq və vəzifəsindən istifadə etməklə ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.