İnsanlar iş axtarışındadır, evlənmək yada düşmür
Nikah potensialının yarısı reallaşmır, sosioloq dövlət qurumlarını da məsul tutdu
Bu il evlilik yaşına çatmış gənclərin təxminən yarısı ailə qurmayacaq. Burada subay və nikah yaşına uyğun gələn gənclər nəzərdə tutulur. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda bu barədə danışaraq bildirib ki, Azərbaycanda bu il nikah yaşında olan insanların yarısı evlənməyib.
“Bu il nikah potensialı 175 min insanı əhatə edir. Onu ikiyə böldükdə 75-80 min nikah alınır. Son statistikaya əsasən, Azərbaycanda bu il 31 min nikah bağlanıb. Qalan bir ayda isə ən yaxşı halda 10 min nikah bağlana bilər. Beləliklə, ümumilikdə 40 min nikah olacaq ki, bu da nikah potensialının yarısı deməkdir”, – deyə Ə.Əhmədov vurğulayıb.
Bəs gənclərimiz, bəlkə də orta yaşlılarımız niyə ailə qurmağa həvəsli deyillər, evlilikdən qaçırlar?
“Gender bərabərliyi” hamını qorxudur
Sosioloq Naib Niftəliyev Sherg.az-a açıqlamasında bunun səbəblərini izah edib:
– Gənclərin evlənmək istəməməsinin, əslində, çoxsaylı səbəbləri var. Hər kəsə məlumdur ki, ailə qurmaq insanın özünəməxsus həyat tərzini və sosial mühitini formalaşdırmaq istəyindən irəli gəlir. Sadəcə, mövcud tendensiyalar, urbanizasiya prosesləri, əhalinin sıxlaşması, ailəyə münasibətin dəyişməsi, gender bərabərliyi ilə bağlı müzakirələr və bu sahədə müəyyən ziddiyyətlərin meydana çıxması, ümumilikdə, sosial-iqtisadi münasibətlərin mahiyyətinin, məzmununun və strukturunun dəyişməsi bu prosesə təsir göstərən amillərdəndir.
Avropa ölkələri ilə müqayisə apardıqda görürük ki, Şərq cəmiyyətlərində məşğulluq səviyyəsinin artması, bəzən iş qrafikinin və iş yükünün müəyyən hədləri aşması kimi amillər də ailə qurmağa təsir göstərir. Bu xüsusiyyətlər müəyyən mənada Avropa cəmiyyətlərinə, o cümlədən Azərbaycana da xasdır. Texnologiyaların inkişafı nəticəsində insanlar daim iş axtarışında olurlar, hər kəs öz maddi vəziyyətini və sosial statusunu formalaşdırmağa çalışır. Bu proses bəzən müəyyən iqtisadi çətinliklər fonunda baş verir. İnsanların bir qismi gündəlik həyat qayğılarına daha çox vaxt və enerji sərf etməli olur. Qarşılaşdıqları çətinliklər, problemlər və qeyri-müəyyənlik gəncləri ciddi şəkildə narahat edir. Onlar bəzən üzərlərindəki sosial təzyiqdən də yorulurlar. Bu mənada ailə həyatının incəliyi, özünəməxsusluğu və fərqli xüsusiyyətləri, ailə institutuna xas olan saf və müqəddəs dəyərlər müəyyən mənada aşınmaya məruz qalır. Bütün bunlar gənclərin ailə qurmaqla bağlı qərarlarına da təsir göstərə bilər.
Dövlət qurumları da günahkardır
Sosioloq bildirib ki, əgər evlilik yaşında olan insanların, məsələn, 50 faizi müəyyən səbəblərdən ailə qura bilmir və bu istəyini reallaşdıra bilmirsə, bu, təkcə həmin şəxslərin deyil, müvafiq dövlət qurumlarının, bütövlükdə dövlətin və cəmiyyətin, onun müxtəlif təbəqələrinin və bütün vətəndaşlarının problemidir:
– Bu, Azərbaycan cəmiyyəti üçün də xarakterik olan məsələlərdən biridir. Təbii ki, heç kəs konstitusion hüquqlarına əsasən evlənməyə, yaxud ailə vəziyyətini dəyişməyə məcbur edilə bilməz. Bu, şəxsi seçimlərə, istəklərə, dəyərlərə və adət-ənənələrə bağlı məsələdir. Hüquqi baxımdan da insanı bu istiqamətdə məcbur etmək və ya hər hansı prosedura sövq etmək mümkün deyil. Lakin Azərbaycan cəmiyyətində ailə institutunun möhkəmlənməsini, sağlam ailələrin sayının artmasını, nəsillərarası davamlılığın qorunmasını istəyiriksə, hər bir halda ailələrin qarşılaşdıqları çətinliklərin və sosial problemlərin mümkün qədər geniş şəkildə həllinə çalışmalıyıq.
Dövlət bu istiqamətdə məqsədyönlü və ardıcıl addımlar atır. Bu addımların olmadığını söyləmək, əlbəttə, insafsızlıq və yanlışlıq olardı. Bununla belə, görünən odur ki, həyata keçirilən tədbirlər sosial-demoqrafik çətinliklərin və sosial-demoqrafik siyasətin bütün incəliklərinin əhatə olunması baxımından hələ də kifayət etmir. Sosial problemlərin həlli zamanı yaşanan çətinliklər, ailələrin qarşılaşdıqları qayğılar, cəmiyyətdə ailə tərbiyəsinin və münasibətlərinin formalaşması ilə bağlı problemlər, tərbiyəvi dəyərlərin qeyri-müəyyənliyi və ziddiyyətliliyi bu prosesə birbaşa təsir göstərən amillərdəndir.
Qazancını düzgün xərcləmək bacarığı
N. Niftəliyev hesab edir ki, problem təkcə az qazanmaqda deyil. Bəzən əldə olunan vəsaitin düzgün xərclənməməsi, insanların imkanlarından daha çox xərcləməyə meyil göstərməsi də ciddi problemə çevrilir. Bu baxımdan insanlar müəyyən sabit büdcə formalaşdıraraq ailə qurmaq əvəzinə, daha çox böyük xəyalların və hədəflərin arxasınca qaçırlar. Bəs bu vəziyyətdən kimlər qazanır və faydalanır?
– Müasir texnologiyalar buna imkan verir ki, insanlar, məsələn, TikTok kimi sosial şəbəkələrdə yayımlar təşkil edərək müəyyən gəlir əldə etsinlər. Hətta bu fəaliyyəti kütləviləşdirərək bəzən mənəvi dəyərləri və ictimai məsuliyyəti arxa plana keçirən, müxtəlif yollarla qazanc əldə edən təbəqələr də formalaşır. Bütün bunlar insanları fərqli düşüncə tərzinə, fərqli istiqamətlərə və bəzən yanlış davranış modellərinə sövq edən amillərə çevrilir. Gənclər bunları görür, müşahidə edir və təbii ki, bəzən həmin davranışları özləri üçün nümunə kimi qəbul edirlər.
Xaricilərlə evliliklər artıb
Sosioloq qeyd edib ki, Azərbaycan gəncləri arasında ailə qurmaq meyli və istəyi hələ də mövcuddur. Lakin son zamanlar xarici ölkə vətəndaşları ilə ailə quran gənclərin sayında da nəzərəçarpacaq artım müşahidə olunur. Həm xarici ölkə vətəndaşları ilə evlənən azərbaycanlı kişilərin, həm də əcnəbilərlə ailə quran azərbaycanlı qadınların sayı kifayət qədərdir:
– Bu, özü də diqqətçəkən statistik göstəricidir. Azərbaycan vətəndaşları arasında bağlanan nikahların sayında müəyyən azalma müşahidə olunur. Bu tendensiya müəyyən mərhələyə qədər başadüşülən sayıla bilərdi. Lakin həmin göstəricilərin artan dinamika nümayiş etdirməsi ciddi araşdırma tələb edir. Bu vəziyyət milli və sosial-mədəni dəyərlərin qorunması, milli maraqların təmin edilməsi və mənəvi dəyərlərin möhkəmləndirilməsi baxımından müəyyən risklər yarada bilər. Nəticə etibarilə, bu proses cəmiyyətdə arzuolunmaz sosial-mədəni dəyişikliklərə və ciddi problemlərə gətirib çıxara biləcək amillərdən birinə çevrilə bilər.
Biz məsələyə hərtərəfli yanaşmalı və hesab etməliyik ki, bütün bunların həlli mümkündür. Bunun üçün ilk növbədə insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına yönəlmiş ciddi dəstək tədbirləri həyata keçirilməli, iqtisadi məşğulluq imkanları və gəlir səviyyəsi artırılmalıdır. Eyni zamanda, ailə dəyərlərinin, ailə mədəniyyətinin və tarixi köklərin daha geniş müstəvidə bərpasına çalışmaq lazımdır. Müasirliyin müsbət dəyərləri ilə Azərbaycan mentalitetinin özünəməxsus xüsusiyyətləri arasında sağlam uyğunluq yaradılmalıdır.
Lakin ailə institutunu ideallaşdırmazdan əvvəl mövcud problemləri də qabartmaq lazımdır. Bu problemlər hazırda müsbət dəyərlərin kölgədə qalmasına səbəb olur. İlk növbədə həmin çətinliklər aradan qaldırılmalıdır ki, bundan sonra ailə dəyərlərinin qorunması, ailə qurmağa təşviq və bu istiqamətdə iqtisadi, sosial, mənəvi, psixoloji və mədəni motivasiyanın gücləndirilməsi barədə daha səmərəli danışa bilək. Bu motivasiyanı düzgün istiqamətləndirmək də olduqca vacibdir.