İran XİN: Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində İran gəmisini qəsdən vurub

İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində İran gəmisinə qəsdən zərbə endirdiyini iddia edib və Kiyevin məsuliyyətə cəlb olunacağını bildirib.

Sherg.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi brifinqdə bildirib ki, Tehran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran gəmisinə qəsdən zərbə endirdiyini təsdiqləyən sübutlara malikdir.

Onun sözlərinə görə, Ukrayna tərəfi hadisənin təsadüfən baş verdiyini bildirsə də, İranın əlində olan dəlillər hücumun qəsdən həyata keçirildiyini göstərir.

İran XİN-in məlumatına əsasən, iyulun 25-də Ukrayna Rusiyanın ərazi sularında, Xəzər dənizində üzən İran gəmisinə hücum edib. Hadisə nəticəsində ekipaj üzvlərindən biri həlak olub.

Bəqayi vurğulayıb ki, Tehran baş verən insidentə görə Kiyevin məsuliyyətə cəlb olunmasına nail olmaq və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün bütün zəruri addımları atmaq niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl İranın Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzeqar Kiyevin faktiki olaraq Tehranla birbaşa qarşıdurmaya girdiyini və İran İslam Respublikasının rəqibləri ilə eyni mövqedə dayandığını bəyan etmişdi.