“Zaxarova açıqlaması ilə "bazarlığın bitmədi" mesajını verir”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Cənubi Qafqazla bağlı son açıqlaması birmənalı qarşılanmayıb. M.Zaxarova Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilən üçtərəfli razılaşmaların aktuallığını itirmədiyini, sülh prosesi üçün Moskvanın vasitəçiliyinin zəruri olduğunu bildirib. Onun sözlərinə görə, məhz Rusiya Prezidenti Vladimir Putinin şəxsi səyləri nəticəsində 2020-ci ildə və 2023-cü ildə "Qarabağda qan tökülməsinə" son verilib: "Aydındır ki, üçtərəfli sazişlər bu gün də öz aktuallığını itirməyib. Əksinə, onlar Bakı və İrəvan arasında sülh prosesinin "yol xəritəsi"ni təşkil etməkdə davam edir. Biz isə Cənubi Qafqaz ölkələrinin və onların qonşularının maraqlarına uyğun qarşılıqlı qəbul edilə bilən həll yoluna çatmaq üçün tərəfdaşlarımıza lazım olan dəstəyi göstərməyə hazırıq". Ekspertlərə görə, bu bəyanat Kremlin Cənubi Qafqazdakı mövcud proseslərə yenidən nəzarət etmək cəhdinin açıq siqnalı kimi qiymətləndirilir. Regiondan sürətlə sıxışdırılan və təsir alətləri zəifləyən Moskva, indi üçtərəfli razılaşmalara istinad edərək prosesləri öz orbitinə qaytarmağa çalışır.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a açıqlamasında deyib ki, Mariya Zaxarovanın üçtərəfli bəyanatın hələ də qüvvədə olmasını bəyan etməsi Rusiyanın Cənubi Qafqazda qalmaq istəyinin ifadəsi kimi qəbul olunmalıdır. Ekspert vurğulayıb ki, üçtərəfli bəyanatın sadəcə bir bəndi icra olunmamış qalıb:

"Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması hələlik reallaşmayıb. Ancaq bu istiqamətdə işlər gedir. Məlumdur ki, üçtərəfli bəyanatın müvafiq bəndinə əsasən, dəhlizə Rusiya hərbçiləri nəzarət etməliydi. Ermənistan Baş naziri Nikol Paşinyan da bu bəyanata imza atıb. Rusiya da məhz ona görə hər dəfə deyir ki, ortada rəsmi öhdəlik var və bu öhdəlik icra olunmalıdır. Baxmayaraq ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənəd artıq Rusiyanın Zəngəzur dəhlizinə nəzarət edə bilməyəcəyini ortaya qoyur. Ancaq Rusiya asanlıqla geri çəkilən dövlətlərdən deyil. Kreml sonadək müqavimət göstərəcək və əlindən gələni edəcək ki, bölgədə qalsın və öz təsir imkanlarını saxlasın".
A.Səmədov diqqətə çatdırıb ki, bu bəyanat Rusiyanın ABŞ ilə bazarlıq istəyini də ortaya qoyur:
"Hansısa güzəştlər qarşılığında Moskva öz "qanuni hüquqları"ndan imtina edə biləcəyini gündəmə gətirir. Yəni demək istəyir ki, 10 noyabr bəyanatına görə dəhlizə Rusiya nəzarət etməlidir, ancaq müəyyən güzəştlər qarşılığında bu "hüququndan" vaz keçə bilər. Nəzərə alaq ki, ABŞ Prezidenti D.Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh planı Moskvanı tamamilə qane edir. Hətta bunu "Tramp-Putin planı" da adlandırırlar və iki lider arasında siyasi bazarlıq olduğunu iddia edirlər. Yəqin Zaxarova bu açıqlaması ilə "bazarlığın bitmədi" mesajını verir. Moskva belə bazarlıqlardan hər zaman qazanclı çıxıb. İndi də buna ümid bəsləyir".