Qabil Hüseynli: İran rəsmiləri nəfsə deyil, ağıla əsaslanaraq hərəkət etmədikcə, müsibətlərə səbəb olacaqlar
BŞ və İran arasında aprelin 11-12-də İslamabadda keçirilən danışıqlar nüvə proqramı və Hörmüz boğazı ətrafında yaranan fikir ayrılıqları ucbatından nəticəsiz qaldı. Artıq tərəflər arasında 2 həftəlik atəşkəs müddətinin çəmbəri daralıb. İranın xarici işlər nazirinin müavini ABŞ-nin maksimalist tələblərinin növbəti danışıqların keçirilməsinə mane olduğunu açıqlayıb. Hörmüz boğazında düyünlənən proseslər, beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradıb. İranın xarici işlər naziri Hörmüz boğazının açıldığını bildirsə də, ABŞ ordusunun İran limanlarını blokadaya alması siyasi gedişatı dəyişdi. Hadisədən sonra SEPAH rəhbəri, ABŞ-nin blokadanı qaldırmadığı müddətcə, boğazı bağlı saxlayacaqlarını vurğuladı. Prezident Donald Tramp isə İranın Hörmüz boğazına aid qərarlarının Birləşmiş Ştatları şantaj edə bilməyəcəyini açıqlayıb. O, danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi əməliyyatlara qayıdacağını bildirərək İranı hədələyib.
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, İran rəhbərliyində vahid mövqe və fikir yoxdur:
“Səlahiyyətin kimlər arasında bölündüyü də qeyri-müəyyəndir. Parlament sədri Qalibaf, Hörmüz boğazının açılması ilə bağlı Trampla razılığa gəlmədiyini bildirib. Halbuki, danışıqlar ərəfəsində İran tərəfi ABŞ-yə Hörmüz boğazının bütün ölkələrin gəmiçiliyi üçün açıq olacağını bəyan etmişdi. Ali dini rəhbərin üzə çıxıb, fikir bildirməməsi isə onun sağ olduğunu şübhələr altına salır. Hazırda hakimiyyəti tamamilə “molla rejimi”nə xidmət edən SEPAH zəbt edib”.
Politoloqun sözlərinə görə, İranda səlahiyyəti olub-olmamasından asılı olmayaraq, hər bir məmur öz maraqlarına uyğun açıqlamalar verir:
“Necə deyərlər, keçinin buynuzu gidişəndə çobanın çomağına sürtür. Biri Hörmüzün İranın ən müqəddəs məkanı olduğunu iddia edir, digəri isə onun beynəlxalq suların bir hissəsi olduğunu bildirir. Nüvə silahına dair də fərqli fikirlər var. Məsələn, Prezident Pezeşkian keçmiş ali rəhbər Xameneinin fətvasına əsasən nüvə proqramının dinc məqsədlər üçün istifadə etdiklərini açıqlayır. Qalibaf isə onun fikirlərinə zidd olaraq, İsrail və ABŞ-nin də nüvə silahı hazırladığını əsas gətirməklə, İranın mövqeyinin haqlı olduğunu vurğulayır. Yəni, siyasi dairələrin fikirləri üst-üstə düşmür”.
Q.Hüseynli vurğulayıb ki, nüvə proqramı üzərində dayanan fərqli arqumnetlər danışıqları uğursuzluğa düçar etdi:
“Əvvəl saflaşdırılmış uranın Rusiyaya verilməsi planlaşdırılırdı. Lakin sonradan istiqamət Pakistana dəyişdirildi. Hətta onun Amerikaya təhvil verilməsi də müzakirə olunurdu. İran hökuməti iqtisadi çətinliklər içində olsa da, müharibənin bitməyəcəyinə dair fikirlər səsləndirir. Sanki qəsdən ölkəni intihara yaxınlaşdıracaq addımlar atır, diplomatiyaya uyğun olmayan hərəkətlər sərgiləyirlər. Ölkənin prezidentinə danışıqlar prosesində içtirak etmək üçün səlahiyyət verilməyib. Halbuki, o, ali dini rəhbərdən fərqli olaraq xalqın 16 milyon səsini toplamaqla hakimiyyətə gəlib. Pezeşkian istisna olmaqla, İranın idarəetmə orqanlarında səsvermə yolu ilə hakimiyyətə gələn bir nəfər belə yoxdur”.
Analitikin fikrincə, Pezeşkian ölkənin legitim lideri olmasına baxmayaraq, danışıqlardan kənarlaşdırılıb:
“Belə bir ölkə, mollaların nəzarətinə buraxılmamalıdır. Atəşkəsin müddəti artıq başa çatmaq üzrədir. Əgər tərəflər ortaq yol tapıb razılığa gəlməsələr, bu dəfəki müharibə daha dağıdıcı olacaq. İkinci hücum dalğasında İranın ağır faciə ilə üzləşdiyinə şahid olacağıq. Artıq quru əməliyyatlarının bir hissəsinə də başlanıb. İranın dəniz piyadaları mümkün təhdidlərə qarşı Hörmüz boğazı ətrafına yerləşdirilib. Onlara “dəniz pişikləri” deyirlər. Bu qoşun çox döyüşkən xarakterə malikdir. İsrail də ABŞ-ni qızışdırmaq cəhdlərini dayandırmır. İran rəsmiləri nəfsə deyil, ağıla əsaslanaraq hərəkət etmədikcə, müsibətlərə səbəb olacaqlar”.