Türkiyə İraqdakı bazası ilə bağlı qərarını verdi

Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Əli əz-Zeydi arasında görüş keçirilib. Görüşdə tərəflər bir sıra məsələlər üzrə ortaq iradə nümayiş etdiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilir ki, Türkiyə və İraq rəhbərlərinin iki ölkə arasındakı strateji münasibətləri bütün aspektləri ilə nəzərdən keçirdikləri danışıqlar zamanı tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəliblər.

Bu kontekstdə Sincarda dövlət hakimiyyətinin tam bərqərar olunması və qadağan edilmiş xarici silahlı ünsürlərin mövcudluğuna son qoyulması barədə razılıq əldə edilib.

İraqın bu təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində əldə etdiyi irəliləyiş çərçivəsində Türkiyə qüvvələri razılaşdırılmış mexanizmlərə və qrafikə uyğun olaraq Başika-Zilkan bazasını mərhələli şəkildə İraqın Federal Hökumətinə təhvil verəcək.

Tərəflər həmçinin ikitərəfli ticarət və investisiyaların həcminin artırılması, imzalanmış sazişlərin dərhal qüvvəyə minməsi və birgə strateji layihələrin, ilk növbədə, İnkişaf Yolu Layihəsinin icrasının sürətləndirilməsi məsələlərində də razılığa gəliblər.