
Denge qızdırması Afrikadan İrana keçib -İnfeksionistdən açıqlama
09:07 25.07.2024
Sağlamlıq
612
Xəstəliyə yoluxan insanların ölüm riskləri də yüksək olur
İranın bir neçə əyalətində yayılan və bir neçə nəfərin ölümünə səbəb olan denge qızdırması bölgənin kabusuna çevrilməkdədir.
Şərqi Azərbaycan vilayətində Dang qızdırması yoluxduran Aedes ağcaqanadları müşahidə edilib.
İran xəbər agentlikləri Təbriz Tibb Elmləri Universitetinin rektoru Bəhmən Nağıpura istinadən xəbər verir ki, Aedes ağcaqanadları İran və Azərbaycan Respublikası sərhədi yaxınlığındakı Xudafərin şəhərində müşahidə edilib. Lakin indiyədək həmin vilayətdə denge qızdırması halının qeydə alınmadığı bildirilir.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Hörmüzqan, Fars, Xuzistan, Buşehr, Tehran, Rəzəvi Xorasan, Sistan və Bəlucistan, İsfahan və Gilan vilayətlərində denge qızdırması halları aşkarlanıb. Qum və Qəzvin vilayətlərində də denge qızdırması xəstəliyi qeydə alınıb.
Dang qızdırmasının insandan insana keçə bilmədiyi və onun insanlara yalnız Aedes həşəratının dişləməsi nəticəsində keçdiyi deyilir.
Qeyd edək ki, İranda yayılan denge qızdırması Ərdəbil əyalətinin Azərbaycanla sərhəddə yerləşən Biləsuvar rayonuna çatıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İranda denge qızdırmasının yayılma riskini yüksək qiymətləndirib. ÜST xəstəliyin ictimai sağlamlığa ciddi zərər vurma potensialına malik olduğunu bildirib. Əsas daşıyıcıları Aedes, Aedes aegypti və daha az dərəcədə Aedes albopictus ağcaqanadlarıdır.
İranın Səhiyyə Nazirliyi xəstəxana hazırlığını yaxşılaşdırmaq üçün tədbirlər görüb. Öz növbəsində, ÜST nazirliyə nəzarəti gücləndirmək, tibbi ləvazimatları və sürətli diaqnostikanı yaymaq, təlim vermək və risk barədə məlumatlandırmanı təşkil etmək üçün dəstək verir. Qeyd edək ki, denge qızdırması tropik və subtropik bölgələrdə üstünlük təşkil edən infeksiyadır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur.
Təxminən 3,8 milyard insan endemik ölkələrdə yaşayır, onların əksəriyyəti Asiya, Afrika və Amerika qitəsindədir. ÜST bildirir ki, iqlim dəyişikliyi və urbanizasiya səbəbindən insidentlərin sayı artacaq və coğrafi olaraq yayılacaq.
Sərhədlərimizə qədər gəlmiş denge qızdırmasının Azərbaycanda yayılma ehtimalı ölkəmizdə ciddi narahatlıq doğurub. Bu barədə “Sherg.az”a danışan infeksionist Mərdan Əliyev deyib ki, hemorragik xəstəliklər sinfinə aid olan denge qızdırması təhlükəli viruslar tərəfindən törəyir:
“Əsasən ekvatora yaxın ölkələrdə, Afrikada, Amerikada, Cənub hissələrdə daha çoxdur. Xəstəlik əvvəllər İranda özünü nadir göstərsə də, son bir neçə ayda daha çox müşahidə edilir. Buna baxmayaraq, xəstəlik İrana xas deyil. Xəstəliyin İrana gəlib çıxmasının səbəbi iqlim dəyişikliyi ilə bağlıdır. Son vaxtlar müşahidə edilən qlobal istiləşmə nəticəsində fəsillərdə dəyişkənlik baş verib. Bu da bəzi yerlərdə quralıq və istiliyin artmasına, bəzi yerlərdə isə yağışların çoxalmasına gətirib çıxarır. Bununla da balans pozulur, yağış, quraqlıq düzgün paylanmır nəticədə yeni xəstəliklər yaranır. Bu viruslar əsasən ağcaqanad vasitəsilə yoluxur, ağcaqanadların ağız suyunda olur, insanı dişləyərkən dərisinə, oradan qanına daxil olur. Beləliklə də xəstəlik törədir. Xəstəliyin ilkin simptomları yüksək hərarət, halsızlıq, sümük və əzələ ağrıları, baş ağrılarıdır. Ağırlaşmalar zamanı xüsusi qanaxmalar olur. Qanaxmalar həm daxili orqanlarda, həm də xaricdə - dəridə və s. özünü göstərir. Buna görə də denge qızdırmasını hemorragik xəstəliklər sinfinə aid edirik. Xəstəliyə yoluxan insanların ölüm riskləri də yüksək olur”.

M.Əliyevin sözlərinə görə, indiyə qədər ölkəmizdə bu viruslar müşahidə edilməyib. Amma nəzəri cəhətdən təbii yoluxucu xəstəlikdir, gələ bilər:
“Bu xəstəliklərin coğrafi miqyası az ölkədə müşahidə edilirdi. İndi daha çox ölkədə müşahidə edilir. İnsanların artması, miqrasiyanın çoxalması, gediş-gəlişin çox olması və dünyanın bir-birinə inteqrasiya etməsi yoluxucu xəstəliklərin artmasına səbəb olur. Get-gedə yoluxucu xəstəliklər mövzusunu daha aktual edir. Dediyim kimi, əvvəllər Afrika ölkələrində olan bu xəstəlik indi İranda özünü göstərir. İran da Azərbaycanla sərhəd, qonşu ölkədir. Xəstəlik və xəstəliyi yayan ağcaqanadlar Afrikadan İrana gəlib çıxıbsa, oradan da bizə keçə bilər. Çünki son zamanlar ölkəmizdə də anomal istilər müşahidə olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm