Dərman bazarında bəzən süni qıtlıq yaradılır - Eyyub Hüseynov

Tibb sahəsində ciddi korrupsiya və kommersiyalaşma var

“Tibbi dərmanlar və tibbi xidmət sahəsində ölkədə ciddi problemlər yaşanır. Azad İstehlakçılar Birliyinə müraciət edən insanlar, istehlakçılar və ictimai şəkildə danışmaqdan çəkinən vicdanlı həkimlər mənə müxtəlif məlumatlar verirlər. Bu sahədəki problemlər çox dərinə gedib çıxır”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. AİB sədri qeyd etdi ki, dərman bazarında bəzən süni qıtlıq yaradılır: 

- Məsələn, hər hansı bir dərman preparatı pasiyentlərə müalicə məqsədilə təyin edilir. İnsanlar zamanla bu dərmana öyrəşirlər. Sonra dərman bazarında bir-biri ilə rəqabət aparan şirkətlər həmin bu dərmanının satışına mane olur və birdən-birə ölkədə həmin dərmanın qıtlığı müşahidə edilir. İstehlakçılar bunu gündəlik həyatlarında müşahidə edirlər. Nəticədə insanlar həmin dərmanı xarici ölkələrdən gətirtməyə başlayırlar. İnsanların çox vaxt hiss etmədiyi başqa bir problem də xəstə yönləndirmə sistemidir. Məsələn, uroloqun qəbuluna gələn bir xəstə ilə bağlı cərrahi əməliyyatlar aparan başqa bir həkimlə əlaqə yaradılır və xəstənin həmin həkimə yönləndirilməsi müqabilində müəyyən faiz əldə etmək təklif olunur. Belə hallarda əsas məqsəd xəstənin ən yaxşı müalicəni alması deyil, maliyyə maraqları ola bilir. Həkimlər arasında xəstə yönləndirməsi məsələsi geniş müzakirə olunan problemlərdən biridir. Digər məsələ isə pasiyentlərin lazımsız analiz və müayinələrə göndərilməsidir. Həkimlər bəzi hallarda xəstələri əməkdaşlıq etdikləri klinikalara və laboratoriyalara yönləndirirlər. Məsələn, həkim bir klinikada işləyir, lakin analizlərin aparılması və ya müəyyən prosedurların həyata keçirilməsi üçün xəstəni başqa bir klinikaya göndərir və bildirir ki, yalnız həmin müəssisənin nəticələrinə etibar edir. Xəstə başqa laboratoriyadan analiz gətirdikdə isə həmin nəticələr qəbul edilmir və yenidən müəyyən edilmiş laboratoriyaya göndərilir. 

E.Hüseynov qeyd etdi ki, xüsusən də reklam olunan bəzi həkimlərin qəbuluna müraciət edən xəstələr bu problemlə qarşılaşdıqlarını bildirirlər: 

- Onlara mövcud nəticələrə baxmadan yenidən müayinə və ekspertizadan keçmək tövsiyə olunur. Mən burada laboratoriyalarda istifadə edilən reaktivlərin keyfiyyəti, cihazların texniki vəziyyəti və onların vaxtında kalibrasiya olunub-olunmaması kimi məsələlərə hələ toxunmuram. Bunlar da ayrıca ciddi problemlər sırasındadır. Ölkədə ürək şuntlama əməliyyatlarının geniş yayılması da tez-tez müzakirə olunan mövzulardandır. Bəzi hallarda insanların müxtəlif sağlamlıq problemləri və ağrıları şuntlama əməliyyatı ilə əlaqələndirilir və bu əməliyyat çıxış yolu kimi təqdim olunur. Azad İstehlakçılar Birliyinə müraciət edən bəzi vətəndaşlar isə şuntlama əməliyyatından sonra da problemlərinin aradan qalxmadığını bildirirlər. Təəssüf ki, vicdanlı və peşəkar həkimlər bir araya gələrək vahid mövqe ortaya qoya bilmirlər. Onlarla söhbətlər zamanı tez-tez belə fikirlər səslənir ki, səslərini çıxarsalar da, onları dəstəkləyən olmayacaq. Bir sözlə, tibb sahəsi sürətlə kommersiyalaşır və vicdanlı səhiyyə işçiləri bu prosesin içərisində öz sözlərini deməkdə çətinlik çəkirlər. Mən bu səbəbdən həm vicdanlı insanları, həm də bu sahəyə nəzarət edən dövlət qurumlarını vəziyyətə diqqət yetirməyə çağırıram. Bu sahədə ciddi islahatlara ehtiyac var. Vətəndaşlar arasında bu sahə ilə bağlı böyük narazılıq mövcuddur. Şəffaflığın artırılması vacibdir. Dərman biznesi, tibbi xidmətlər və digər əlaqəli sahələrdə şəffaflıq təmin edilməlidir. Körpə qidalarının distribütorları ilə pediatrlar arasındakı münasibətlər, uşaq qidalarının bəzilərinin dəfələrlə baha qiymətə satılması halları da var. Bu sahədə çox ciddi problemlər mövcuddur. Çox təəssüf ki, illər əvvəl parlamentdə müzakirə olunmasına baxmayaraq, pasiyent hüquqlarının müdafiəsini tam təmin edən ayrıca qanunvericilik mexanizmi formalaşdırılmayıb. Mən buraya zəhərlənmə halları ilə bağlı problemləri də daxil edirəm. Uzun illər ərzində Azad İstehlakçılar Birliyi bir çox hallarda zəhərlənmənin səbəblərini rəsmi şəkildə təsdiq edən tibbi sənəd əldə etməkdə çətinlik çəkib. Nəticədə məhkəmə iddialarının qaldırılması və zərərçəkmiş istehlakçılar üçün kompensasiya əldə olunması da çətinləşib. Bütün bunlar ölkədə hələ də açıq qalan və həllini gözləyən məsələlərdir.