Ağa Salamov: Paxlalılarla bağlı qorxular şişirdilir, lobya mövsümün ən faydalı məhsuludur
Hazırda təzə lobyanın mövsümüdür və bazarda da bol-bol çıxarılır. Qiyməti bir qədər yüksək olsa da, mövsüm xörəyidir deyə, çox alınır. Lakin son günlər belə bir məlumat da dolaşır ki təzə lobya zəhərli ola bilər. Aldıqda, bişirdikdə ehtiyatlı olmqda fayda var. Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında bu məlumatın haradan qanaqlandığını izah etdi:
- Dırnaqarası mütəxəssislər yenə başlayıblar ki lobya zəhərlidir, yeməyin və sair. Aztəminatlı ailələrin hazırda istifadə edə biləcəyi mövsümi ərzaq məhz göy, yaşıl lobya, badımcandır. Mövsümdür deyə, nisbətən ucuz qiymətə almaq olur. Lobya paxlalılar fəsiləsinə aiddir və çox da ləzzətli, faydalı tərəvəzdir. Zəhərlənmə məsələsi haradan qaynaqlanır, deyim. Ümumiyyətlə bəzi bitkilər özlərini həşərat və zərərvericilərdən qorumaq üçün lektin deyilən maddə ifraz edir. Xüsusən bu paxlalılara aiddir. Lektin yüksək temperaturda bişməyən paxlalılarda zəhərlənmə verə bilər. Əgər ərzaq yüksək temperatrda bişirilmirsə. Bu zaman nə baş verir, lektin maddəsi bağırsaq hüceyrələrinə yapışır və bağırsaq qişasında qıcıqlanma baş verir. Bu da qıcqırma, ishal, mədə bulanması, qusma yaradır. Həkimlər bunu təsdiqləyər. Ən çox lektin zülalı qırmızı lobyadadır. Söhbət qurudulmuş qırmızı lobyadan gedir. Ümumiyyətlə, paxlalıları yaxşı bişirmək lazımdır. Quru lobya əvvəlcə 4-5 saat suda saxlanılır, sonra bişirilir. Heç bir zəhərlənmə də verə bilməz. Təzə, yaşıl lobyaya isə bunun heç bir aidiyyəti yoxdur. Əlbəttə ki, bazardan alınan istənilən tərəvəz yaxşıca yuyulmalı, yaxşı da bişirilməlidir. Qorxmaq lazım deyil. İstehlakçılar bir balaca maariflənsələr yaxşıdır. Hazırda təzə lobya mövsümüdür və vitaminlərlə zəngin olduğuna görə də yeyilməsi məsləhətdir.