Elektron siqaret qadağası siqaret istehsalını artırdı? - İqtisadçıdan AÇIQLAMA

İstehsalçı tələbatın artacağını bilir və istehsalı artırmaq istiqamətindıə çalışır

Elektron siqaretlərə tətbiq olunan qadağa “adi” siqaretlərin istehsalına təkan verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 milyard 816 milyon ədəd siqaret istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur.

Aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 15 milyon ədəd təşkil edib. Bundan əlavə, I rübdə 503,3 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7,4% çoxdur. Cari ilin yanvar-fevral aylarında Azərbaycana, ümumilikdə, 323 min ABŞ dolları dəyərində 15,5 milyon ədəd siqaret idxal edilib. Hesabat dövründə Azərbaycandan 6 milyon 4,58 min ABŞ dolları dəyərində 374,8 milyon ədəd siqaret isə ixrac olunub.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi aprelin 1-dən etibarən qadağandır. Bu fakt qeyri-elektron siqaretlərin istehsalının artımını şərtləndirən amil hesab edilə bilərmi? 

İqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ötən ilin dekabrında Milli Məclis "Tütün və tütün məmulatı haqqında" qanuna dəyşiklikləri müzakirəyə çıxardı. Qanuna yeni maddənin əlavə edilməsi təklif olunurdu. Təklif edilən dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarıldı: 

- “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda “tütün məmulatı” anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin “qızdırılan tütün məmulatı” və “elektron siqaret” anlayışları daxil edilir, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir. Qanuna, eyni zamanda, elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi ilə bağlı yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilirdi. Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi. Və 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi qəbul olundu. Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr də müəyyənləşdirildi. Lakin qanunun qüvvəyə minməsi sonra aprelin 1-dək uzadıldı. Siqaret istehsalının artması onu göstərir ki, istehsalçılar qanun qüvvəyə minməmişdən əvvəl, hətta bəlkə qanuna dəyişiklik müzakirəyə çıxarılmadan əvvəl bundan xəbərdar olublar və sadə siqaret istehsalının artırılmasına çalışıblar. Çünki istehsal artımı prosesi qanun qüvvəyə minəndən sonra başlasaydı, rəqəmlər bu qədər yüksək olmazdı. İstehsal prosesi asan məsələ deyil. İstehsalı artırmaq istəyən şəxs buna əvvəlcədən hazırlaşmalıdır. Düzdür, burada ümumi olaraq yanvar-mart aylarının statistikası açıqlanır. 3 ayın hər biri üçün ayrılıqda statistika yoxdur ki deyə bilək yanvar ayında daha çox artım olub, yoxsa fevral, mart aylarında. Amma bütün hallarda bu iki hal – elektron siqaretlərə qadağa ilə sadə siqaretlərin istehsalının artması arasında əlaqə mümkündür. İstehsalçı tələbatın artacağını bilir və istehsalı artırmaq istiqamətindıə çalışır. İstər elektrn siqaret olsun, istərsə də adi, sadə siqaret və ya qəlyan, hamısı ziyanlıdır.