Bu zərərli vərdiş mutasiyalar yaradır, və bu mutasiyalar da zaman keçdikcə xərçəng şişlərinin yaranmasına səbəb olur
Elektron siqaretlərin bütün daxili orqanlara, eləcə də nəsilartırmaya və genetik quruluşa daimi zərər verə biləcəyi barədə xəbərdarlıq edilib. Bu barədə türkiyəli həkim Pınar Pazarlı danışıb. Həkim qeyd edib ki, xüsusilə hamiləlik dövründə elektron siqaretlərə məruzqalma körpənin inkişafına məhfi təsir göstərir və bu təsir gələcək nəsillərə də ötürülə, kəskin DNT zədələnməsinə, daimi epigenetik dəyişikliklərə səbəb ola bilər. O, xüsusilə, yeniyetmələr və gənclər arasında elektron siqaret istifadəsinin artdığını qeyd edərək, bu məhsulların ağciyərlərin qoruyucu quruluşunu zəiflətdiyini və sperma keyfiyyətinə və reproduktiv sağlamlığa mənfi təsir göstərdiyini bildirib. Ana bətnində elektron siqaretlərə məruz qalan oğlan uşaqlarının sonrakı illərdə uşaq sahibi olmaq şansının azaldığı da qeyd edilib. O, qadınlarda yumurtalıq funksiyasının pozula biləcəyini, estrogen ifrazının azala biləcəyini və embrionların uşaqlığa implantasiyası gecikə biləcəyini söyləyib.
Qeyd etməliyik ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu elektron siqaretlərdən istifadənin kişilərdə impotensiyaya səbəb olduğunu demişdi.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, elektron siqaret ideyası ötən əsrin 70-ci illərində guya tütün siqaretlərə alternativ olaraq yaradıldı. Amma sonra ideya unuduldu və biznesmenlər elektron siqaretlərin istehsalına başladılar:
- Elektron siqaretlərdə nikotin miqdarı adi siqaretlərdəki qədərdir.Və asılılıq yaradır. Təcrübə göstərdi ki elektron siqaretlər asılılığı aradan qaldırmır, əksinə artırır. Üstəlik, tütün siqaretlərdən fərqi olaraq elektron siqartelərin tərkibinə qatılan rəngli, aromatik maddələr yandıqda təhlükıli konserogen maddələr ayrılır və hüceyrələrə hopur, xərçəng şişlərinin yaranmasına səbəb olur. Elektron siqaretlər adi siqaretlərdən daha da təhlükəlidir. Bir sıra ölkələr elektron siqaretləri qadağan edib, bir sıra ölkələrdə qadağa məsələsi gündəmdədir. Bizim ölkəmizdə də qəbul olunmuş qanuna görə elektron siqaret istehsalı, idxalı, satışı və istifadəsi qadağan edilib 2026-cı il aprel ayının 1-dən etibarən.
A.Qeybulla bildirdi ki, elektron siqaretlər, bəli, DNT-ni zədələyir:
- DNT genetik zəncidir. Konserogen maddələr, sərbəst radikallar genetik zənciri zədələyir. Mutasiyalar yaradır, və bu mutasiyalar da zaman keçdikcə xərçəng şişlərinin yaranmasına səbəb olur. Həmçinin kişi və qadınlarda reproduktiv funksiayalara mənfi təsir edir. Müxtəlif defektlərə gətirib çıxarır. Ümumiyyətlə, zərərli olan vasitələrdən mümkün qədər uzaqlaşmaq lazımdır. Onsuz da bu gün zərərli vasitələr xeyirliləri üstələyir. Təhlükəli qidalar, atmosferin, içməli su ehtiyatlarının çirklənməsi, ümumən aqressiv mühut, smartfonlardan gələn təhlükə, şüalanma... bütün bunlar ətrafımızda varkən, bir də elektron siqaret istifadə etmək insanın blərəkdən özünü dəhşətli xəstəliklərə düçar etməsi, həyatını zəhərə çevirmə deməkdir.