"Bunlarla yanaşı, qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur, həmçinin genetik problemlərə səbəb olur"
"Yeniyetmələr, gənclər əllərində enerji içkisi bankası gəzirlər. Sonra da təəccüb edilir ki, gənc adam idi, nədən, niyə vəfat etdi?!"
Yetkinlik yaşına çatmayanların enerji içkilərindən istifadəsi sağlamlıqlarına ciddi təhlükə yaradır. Ombudsman Aparatının bu gün yaydığı məlumatda qeyd edilir ki, son illər Azərbaycanda energetik içkilərin istehlakı artıb, bu halın xüsusilə uşaqlar arasında geniş yayılması onların sağlamlıq hüququnun təmini baxımından ciddi narahatlıq yaradır. 
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə olunub”, məlumatda qeyd edilir. Ombudsman Aparatı hesab edir ki, bu məhsulların satılmasında qanunvericiliklə müəyyən edilmiş yaş məhdudiyyətlərinə baxmayaraq, uşaqlar tərəfindən faktiki olaraq asanlıqla əldə edilməsi, ictimai yerlərdə və təhsil müəssisələrinin ətrafında açıq şəkildə istifadə olunması uşaqların sağlamlığının qorunması hüququna öz mənfi təsirini göstərməkdədir. Bu kimi halların davam etməsi uşaqların konstitusion hüquqlarının, xüsusilə sağlamlıq hüququnun təmin olunmasında, onların sağlam inkişafında maneələr yaratmaqdadır. Qeyd edilənləri nəzərə alaraq, energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulmuş inzibati cərimələrin məbləğinin artırılması, vendinq aparatlarında energetik içkilərinin satışına yaş identifikasiyası mexanizmlərinin tətbiqi və ya bu məhsulların həmin aparatlarda satışının məhdudlaşdırılması, həmin içkilərin reklamına dair məhdudiyyətlərin gücləndirilməsi və sağlamlıq risklərinə dair xəbərdarlıqların məcburi norma kimi təsbit edilməsi, bu sahədə məlumatlılığın artırılması və digər zəruri tədbirlərin görülməsi təklif edilir.
Enerji içkilərinin insan orqanizminə ziyanında danışan həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu içkilərin uşaqlar üçün daha da ziyanlı olmasının səbəbi orqanizmin hələ də tam formalaşmamasıdır: 
- Yetkinlik yaşına çatmayanlardan söhbət gedirsə, deməli, orqanizm hələ də tam formalaşmayıb, inkişaf davam edir. Orqanizmin inkişaf mərhələsində zərərli qidalar və içkilər qəbul etmık orqanizm üçün böyük təhlükədir və ağır fəsadlar yaradacaq. Enerji içkiləri ürək ritmində pozulmalar, təzyiq, damarlarda sıxılmalar yaradır. Bu içkilərin təsirindən daha çox ürəkdə ölümcül ritm pozğunluqları baş verir. Enerji içkiləri bunlarla yanaşı, qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur, həmçinin genetik problemlərə səbəb olur. Bu içkilərin ziyanını saymaqla bitməz. Onların tərkibində yüksək miqdarda kofein, taurin maddəsi olur. Bu maddələr ürək ritmini pozur, hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar, damar tutulmaları, spazmlar yaranır. Qara ciyərdə, mədədə problemlər yaranır. Hər gün şagird, tələbə, gənc, enerji içkiləri qəbul edirlər. Yeniyetmələr, gənclər əllərində enerji içkisi bankası gəzirlər. Sonra da təəccüb edilir ki, gənc adam idi, nədən, niyə vəfat etdi?!. Enerjili içkiləri D vitamininin mənimsənilməsinin də qarşısını alır, vitamin çatışmazlığı yaranır. Ziyanlar bir deyil, iki deyil, çoxdur. Xüsusən erkən yaşlarda, yeniyetməlik dövründə salam qidalanmağa çalışılmalıdır ki orqanizm güclənsin, düzgün inkişaf etsin. Hesab edirəm ki, enerji içkilərinin satışına yaş məhdudiyyəti qoyulmalı, tədris müəssislərinin önündə satışına icazə verilməməlidir.