Fil xəstəliyindən əziyyət çəkən ananın fəryadı: “Yaralarım qurdlanır...” - FOTO

Türkiyənin Adana şəhərində limfödem (fil xəstəliyi) ilə mübarizə aparan üç uşaq anası Fatma Dinsever yarımçıq qalan müalicəsini davam etdirmək üçün aidiyyəti qurumlardan yardım istəyib.

Sherg.az xəbər verir ki, bir övladı 40 faiz əqli məhdudiyyətli olan Dinsever ötən il İzmirdə yaşayarkən bu xəstəliyə tutulub. Xəstəliyin infeksiya səbəbindən ağırlaşdığını bildirən qadın son imkanları hesabına özəl xəstəxanada müalicə alsa da, maddi çətinliklər üzündən müalicəni yarımçıq saxlamağa məcbur olub.

Atasının pensiyası və sosial yardımla dolandığını deyən Dinsever yenidən yeriyə bilmək və övladlarına qayğı göstərmək üçün dəstəyə ehtiyacı olduğunu bildirib.

“Uşaqlarımla kifayət qədər maraqlana bilmirəm. Gəzmək, onlarla vaxt keçirmək, ev işləri görmək, məktəblərinə gedib dərslərini izləmək istəyirəm”, – deyə o vurğulayıb.

Qadın həkimlərin vaxtilə ayağının amputasiya oluna biləcəyini söylədiklərini də xatırladıb:

“Hazırda yalnız kremlərlə müalicə olunmağa çalışıram. Ayağımdakı yaralarda qurdlanma yaranır. Müalicəmi davam etdirmək üçün köməyə ehtiyacım var”, – deyə Fatma Dinsever bildirib.