- İllərdir geyindiyiniz ayaqqabı birdən dar gəlir, bədəndəki bu dəyişiklikdən xəbəriniz varmı?
İllərdir eyni ölçüdə ayaqqabı geyinməyinizə baxmayaraq, son vaxtlar ayaqqabılarınızın ayağınızı sıxdığını hiss edə bilərsiniz. Yaş artdıqca ayaqların forması, uzunluğu və eni dəyişir. Üstəlik, bu dəyişiklik yalnız çəki artımı ilə bağlı deyil.
Sherg.az xəbər verir ki, “Habertürk”ün məlumatına görə, yaşla əlaqədar orqanizmdə bir sıra dəyişikliklər baş verir və bütün gün bədənin ağırlığını daşıyan ayaqlar da bundan təsirlənir. Gənclik illərində rahat geyinilən ayaqqabılar sonrakı yaşlarda dar və narahat olur.
Yaş artdıqca ayaqların forması dəyişir
Yetkinlik dövründə boy artımı başa çatsa da, ayaqların quruluşu zamanla dəyişməyə davam edir. Ayaq tağının aşağı düşməsi və onu dəstəkləyən toxumaların zəifləməsi ayağın daha geniş və uzun olmasına səbəb olur.
"Cleveland Clinic"-in ayaq sağlamlığı üzrə mütəxəssisi doktor Nikol Nikolosi bildirir ki, ayaq tağını dəstəkləyən bağlar və vətərlər illər ərzində zəifləyir. Bu isə ayağın daha yastı formaya düşməsinə və ayaqqabı ölçüsünün dəyişməsinə səbəb olur.
Ayaqqabı ölçüsü iki ölçüyə qədər artır
Amerika Ortopedik Ayaq və Ayaq Biləyi Cəmiyyətinin FootCareMD platformasının məlumatına görə, bəzi insanlarda ayaqqabı ölçüsü gənc yetkinlik dövrü ilə müqayisədə iki ölçüyə qədər artır. Lakin bu dəyişiklik hər kəsdə eyni olmur.
Çəki artımı da ayaqlara təsir edir
Yaşla birlikdə çəki artımı ayaq tağını dəstəkləyən toxumalara düşən yükü artırır. Uzun illər davam edən bu təzyiq ayaqların genişlənməsinə və ya uzanmasına səbəb olur.
Hamiləlik də ayaqqabı ölçüsünü dəyişir

Hamiləlik zamanı baş verən hormonal dəyişikliklər ayaqlardakı birləşdirici toxumaların boşalmasına səbəb olur. Bu da ayaq tağının aşağı düşməsinə və ayaqqabı ölçüsünün artmasına gətirib çıxarır. Bu dəyişikliklər doğuşdan sonra da qalıcı olur.
Ayaq altındakı təbii yastıqlama azalır
Ayaq altında zərbələri yumşaltmağa kömək edən piy toxuması yaş artdıqca dəyişir. Təbii yastıqlamanın azalması xüsusilə sərt səthlərdə yeriyərkən ağrı və narahatlığı artırır.
Ayaq barmaqlarının forması dəyişə bilər
Baş barmaq sümüyündə çıxıntının yaranması və barmaq oynaqlarındakı deformasiya əvvəllər rahat geyinilən ayaqqabıların zamanla narahat olmasına səbəb ola bilər. Belə hallarda ön hissəsi daha geniş ayaqqabılara üstünlük verilməsi tövsiyə olunur.
Hər üç yaşlıdan biri ayaq ağrısı yaşayır
"Cleveland Clinic"-in Amerika Geriatriya Cəmiyyətinin məlumatlarına istinadən verdiyi məlumata görə, 65 yaş və yuxarı insanların hər üçündən biri ayaq ağrısı yaşayır. Ayaqların dəyişən quruluşuna uyğun olmayan ayaqqabılar gündəlik həyatda yaranan narahatlığı daha da artırır.
Ayaqqabı alış-verişinə günortadan sonra çıxın
ABŞ Milli Sağlamlıq İnstitutlarının məlumatına görə, ayaqlar gün ərzində müəyyən qədər genişlənir. Buna görə yeni ayaqqabı alarkən günortadan sonra və ya axşam saatlarına üstünlük vermək məsləhətdir.
Ayaq ölçünüzü mütəmadi yoxladın
Harvard Health Publishing ayaqların yaşla birlikdə genişlənə və uzana biləcəyini bildirərək, təxminən ildə bir dəfə ayaq ölçüsünün yoxlanılmasını tövsiyə edir. Ayaqqabı alarkən yalnız ölçüyə deyil, ayağın eninə də diqqət yetirmək lazımdır.
Yeni ayaqqabının ilk geyinildiyi andan rahat olması vacibdir. Ayaqqabının ön hissəsində barmaqların hərəkət edə bilməsi üçün təxminən 1,3 santimetr boşluq olması daha rahat istifadəni təmin edir.
Ani dəyişiklikləri diqqətdən kənarda qoymayın
Yaş artdıqca ayaqların tədricən genişlənməsi təbii proses olur. Lakin xüsusilə bir ayaqda qəfil yaranan şişkinlik, ağrı, keyimə, rəng dəyişikliyi və ya yeriməkdə çətinlik kimi əlamətlər yaşlanma ilə əlaqələndirilməməli və həkim tərəfindən qiymətləndirilməlidir.