Hər il minlərlə insan bu bakteriyadan ölür - Qida mütəxəssisindən XƏBƏRDARLIQ

Azəbaycan Qida Təhlükəsizliyi Agentliyi Ukraynadan ölkəmizə idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda uyğunsuzluq aşkarlayıb.

AQTA-nın məlumatında qeyd olunur ki, laborator müayinələr nəticəsində məhsulda “salmonella” bakteriyası aşkarlanıb. Salmonella əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiyadır. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az”a açıqlamasında salmonella bakteriyasının çox təhlükəli olduğunu, hətta ölümə səbəb ola biləcəyini qeyd etdi: 

- Salmonella bakteriyasına yoluxma dünyada hər il təxminən 155 min insanın ölümünə səbəb olur. Salmonella əsasən quşlarda, toyuq, qaz, ördək və sair qanadlı heyvanlarda olur. Məhsul yaxşı bişmirsə, qidanın hazırlanması, bişirilmə qaydalarına düzgün əməl edilmirsə, bakteriya ətin tərkibində qalır, insan orqanizminə düşdükdə zəhərlənməı riski yaradır. Bu da özünü ürəkbulanması, qaytarma, ishal halıyla göstərir, qızdırma verir, əgər dərhal həkimə müraciət edilməsə, ölümlə də nəticələnə bilər. Vətəndaşlar məhsulun köhnə və ya keyfiyyətsiz olduğunu onun rəngindən, qoxusundan, ətin şirələnib yapışqanlı olmasından da nalaya bilər. İctimai iaşə müəssilərinə də əgər belə məhsullar daxil olubsa, yenə də zahiri əlamətlərə görə müəyyən etmək mümkündür. Bu, qidanın orqanoleptik müayinəsi adlanır. Yəni, dad, qoxu, rəng və görünüş kimi fiziki xüsusiyyətlərin qiymətləndirilməsi aparılmalı və keyfiyyətsiz məhsul istehsal prosesindən çıxarılmalıdır. Yaxşı haldır ki, AQTA zərərli məhsulları müəyyən edir və satışdan çıxarılmasına nail olur. Həmçinin əhali də ehtiyatlı olmalı, şübhələndikləri məhsulu almamalıdırlar.