İki bayram eyni vaxtdadır deyə, aqressiv qidalanma ehtimalı var -XƏBƏRDARLIQ

Bu il Ramazan bayramı ilə milli bayramımız Novrus üst-üstə düşdüyündən qidalanma rejiminə xüsusilə diqqət etmək məsləhət görülür.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, 1 aylıq oruc tutduqdan sonra birdən-birə əvvəlki gündəlik qida rejiminə keçid etmək olmaz. Bu orqanizm üçün təhlükəlidir: 

- Bir ay müddətində orqanizm tamam başqa rejimə yüklənir. 12 saat oruc tutmaq, heç bir qida, hətt su belə qəbul etməyən orqanizmdə yenilənmə prosesi başlayır, yağların əriməsi baş verir. Mədədə daralma ola bilər. Orqanizm tamam fərqli bir hal yaşayır. Ramazan ayı bitdikdə vacibdir ki insan birdən-birə ağır qidalarla mədəni yükləməsin, orqanları qəfil yükə salmasın. Ənənəvi qida rejiminə yavaş-yavaş, bir neçə gün müddətində keçilməlidir. Yenə də sulu xörəklərə daha çox üstünlük verilməli, mədə-bağırsağın əvvəlki rejimə qayıtması üçün zaman vermək lazımdır. Yağlı, duzlu, qızardılmış, emal olunmuş qidalardan çəkinməliyik. Bunu daim məsləhət veririk ki, trans-yağlar, qızardılmış, emal olunmuş, hazır qidalardan uzaq durmaq lazımdır. Nəzərə alsaq ki həm də Novruz bayramıdır, evlərdə şirniyyatlar da bişir, bunları da az-az qəbul etmək doğru olar. Şəkər və duzdan ehtiyatlı olaq. Daha çox meyvə və tərəvəzlərə üstünlük vermək məsləhətdir. Yuxu rejiminin normsya salınması da vacibdir. Düzgün yuxu rejimi orqanizmin sağlamlığını qoruyan əsas şərtlərdən biridir.  

A.Salamov qeyd etdi ki, aqressiv qidalanmadan uzaq durmalıyıq: 

- 2 bayram eyni vaxtdadır deyə, aqressiv qidalanma ehtimalı var. İnsan fikiləşir ki, Ramazan başa çatdı, Novruz bayramıdır, şəkərbura, paxlava, aş... nə istəyirəm yeyə bilərəm. İstirahətə gedibsə, oteldədirsə, otel bufetində olan qidalardan yeyir, mədəni yükə salır, köp, şişkinlik, həzmsizlik problemləri yaranır. Bir müddət balanslı qidalanmaq lazımdır. Tədricən lifli qidalara üstünlük verilməlidir. Mədədə diskomfort yaradan boş karbohidratlardır. Ağ çörək, ağ undan hazırlanmış qidalar, qazlı, şirin içkilər. Tam buğda unundan çörəklər üstünlük verilməlidir, 1-2 parça bəs edir. Əti də kabab şəklində deyil, qaynadılmış halda, tam bişmiş, yumşaq halda yemək, balıq məhsullarına üstünlük vermək lazımdır. Balıq yüngül zülaldır. Çərəzlər də lifli qidalardır. Gündə 2 dəfə qidalanmaq məsləhətdir. Səhərlər zeytun, pendir, zeytun yağından hazırlanmış salatlar, kərə yağında bişmiş yumurta məsləhətdir. Omega3-lə zəngin zeytun yağıdı, yumurtadır. Bir ayda immunitet zəifləyib, gücləndirilməlidir. Axşam yeməyində balıq, yaxşı bişmiş ət, tərəvəz qarnirləri. Ayran, ot çayları məsləhətdir. Burada məqsəd insanları boş karboidratlardan aqressib qidalanmadan uzaqlaşdırmaqdır.