"Bu restoranlarda istifadə edilən ətin mənşəyi bilinmir, şübhəlidir"
McDonalds-da toyuqlu burger sifariş edən müştəriyə bişməmiş, çiy qalmış yemək təqdim olunub. Müştəri bununla bağlı video şəkib və yeməyin yararsız olduğunu göstərib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, neçə ildir, "McDonald's" və bənzər fast-food şəbəkələrinin fəaliyyətini, xüsusilə qidaların tərkibi, mənşəyi və sağlamlığa zərəri barədə tənqidi fikirlər səsləndirir, vətəndaşları bu qidalardan uzaq durmağa çağırır:
- Amma çox təəssüf ki, səsimizə qulaq asan azdır. Valideynlər övladlarının əlindən tutub Mc-Donalds-lara, KFC-lərə aparır, orada hazırlanan və insan sağlamlığına ciddi zərər verən, dəhşətli xəstəliklərə, o cümlədən xərçəng xəstəliyinə səbəb olan qidaları alıb uşaqların önünə qoyurlar ki, al, ye. İnsanların bu dərəcədə laqeyd, bilgisiz, məsuliyyətsiz olmasına heyrət edirəm. Ana və ya ata, öz övladını niyə xəstəliyə sürükləməlidir?! Bunu heç cür anlaya bilmirəm. Nə olsun ki, şəhərimizdə hər döngədə mc-Donalds, KFC, dönərxana və sair var. Bəs insanın ağlı, düşüncəsi yoxdurmu?! Bu cür restoranlarda ən təhlükəlisi işlənmiş yağlardan təkrar-təkrar istifadə olunması, keyfiyyətsiz ətlərə müxtəlif ədviyyatlar qatılaraq, hansı ki o ədviyyatlar içində insanda asılılıq yaradan umami adlanan “beşinci dad” hesab edilən süni dadlandırıcı da var. Bu süni dadlandırıcılardan yemıklərin hazırlanmasında istifadə olunur və insanlarda zamanla o qidalardan asılılıq yaradır. Ona görə də uşaqlar, böyüklər dönər yeyir, ertəsi gün yenə könlü istəyir, burger yeyir, ertəsi gün yenə istəyir, çipslər də belədir, yedikcə daha da çox yemək istəyirsən, əl çəkə bilmirsən. Bu, fırıldaqçı restoran sahiblərinin, işbazların hiyləsidir. Onlar pul qazanır, biz isə sağlamlığımızı, həyatımızı itiririk. Sürətli hazırlanan ayaqüstü qidaları işbazlar elə buna görə yaratdılar ki pul qazansınlar, tənbəl, düşüncəsiz insanlar sayəsində. Bu restoranlarda istifadə edilən ətin mənşəyi bilinmir, şübhəlidir. Hazırlanma qaydası da yanlışdır, yanmış yağlarda qızardılır ətlər, kartoflar. Təəsüf ki, ölkəmizdə istehlakçı hüquqlarının qorunması hələ də kazımi səviyyədə deyil. Məsləhət görürəm, keyfiyyətsiz yemək, keyfiyyətsiz xidmətlə rastlaşanlar Prezident yanında Antuinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, həmçinin də Azad İstehlakçılar Birliyinə müraciət etsinlər.