Məktəb bufetlərində qazlı içkilər və zərərli qidalar qadağan olunmalıdır
"Yararlılıq müddəti bitmiş məhsul" anlayışı lüğətdən tamamilə silinməlidir, çünki uşaqların immun sistemi böyüklərinki kimi dözümlü deyil"
Azərbaycanda aparılan monitorinqlər zamanı 263 məktəbdə ciddi sanitar-gigiyenik pozuntular aşkar edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qurumun açıqlamasına görə, pozuntulara sanitar-texniki və gigiyenik tələblərə əməl olunmaması, məhsulların düzgün temperatur rejimində saxlanmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və qida bloklarında təmizlik-dezinfeksiya qaydalarının pozulması daxildir.
Mart ərzində ümumilikdə 390 məktəbdə monitorinq aparılıb. Nəticədə 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə satışı qadağan edilən qida məhsulları aşkarlanıb. Aşkarlanan məhsullar satışdan çıxarılıb, məsul şəxslər barəsində inzibati tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib.
AQTA həmçinin məsələnin nəzarətdə saxlanılması üçün Elm və Təhsil Nazirliyi və regional təhsil idarələrinə rəsmi məktublar göndərildiyini bildirib.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, bu məsələ sadəcə bir rəqəm statistikası deyil, əslində gələcəyimiz olan uşaqların sağlamlıq sığortasıdır. Məktəb mühitində sanitar-gigiyenik vəziyyət tədrisin keyfiyyəti qədər önəmlidir, çünki xəstə uşaq öyrənə bilməz. AQTA-nın üzə çıxardığı bu mənzərə isə bizə bir neçə ciddi mesaj verir:
- Məktəb bufeti dediyimiz yer yalnız qarın doyurmaq üçün bir məkan deyil, ora uşaqların düzgün qidalanma vərdişləri qazandığı bir laboratoriya kimi baxmalıyıq. Müasir standartlara görə, bufetlərdə şəffaflıq və nəzarət zənciri qırılmamalıdır. Birincisi, temperatur rejimi məsələsi texniki detal deyil; o, uşağın zəhərlənməməsi üçün ən kritik səddir. Əgər bir məhsulun saxlanma qaydası pozulursa, həmin məhsul artıq "qida" deyil, "təhlükə"dir.
İkincisi, işçilərin tibbi müayinə məsələsi qətiyyən formal xarakter daşımamalıdır. Məktəb bufetində çalışan şəxs bilməlidir ki, onun sağlamlığı yüzlərlə şagirdin sağlamlığı deməkdir. Təəssüf ki, bəzən biz bu məsələlərə "kağız üzərində qayda" kimi baxırıq, amma reallıq elə deyil.
“Məktəb bufetləri necə olmalıdır” sualına gəlincə, ekspert qeyd etdi ki, ideallıqda bu mühit "yaşıl zona" prinsipləri ilə işləməlidir. Burada satışı qadağan edilən — qazlı içkilər, tərkibində həddindən artıq şəkər və kimyəvi qatqılar olan məhsullar, mənşəyi məlum olmayan dönər və ya bu kimi sürətli qidalar yer almamalıdır:
- Bizim məktəblərdə "yararlılıq müddəti bitmiş məhsul" anlayışı lüğətdən tamamilə silinməlidir, çünki uşaqların immun sistemi böyüklərinki kimi dözümlü deyil. Məsələnin ən vacib tərəfi isə vahid nəzarət mexanizmi və məsuliyyətdir. Yalnız AQTA-nın yoxlamasını gözləmək yox, məktəb rəhbərliyinin və valideyn komitələrinin gündəlik "ictimai nəzarət" funksiyası aktivləşməlidir. Təmizlik və dezinfeksiya qaydaları isə sadəcə "görüntü" üçün yox, həyat tərzi kimi tətbiq olunmalıdır. Biz məktəbi uşağa həm biliyi, həm də təmizliyi sevdirən bir yer kimi saxlamalıyıq. Əks halda, ən müasir təhsil proqramlarını tətbiq etsək belə, sanitar qüsurlar bütün bu əməyi heçə endirə bilər.