Mütəxəssis: Yay istisində körpələr daha çox risk altındadır

Yay mövsümündə körpə ilə istirahətə yollanan ailələr isti hava, günəş, uzun səfər və gigiyena qaydalarına xüsusi diqqət yetirməlidirlər.

Sherg.az xəbər verir ki, bu barədə uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Yusuf Çelik məlumat verib.

Həkimin sözlərinə görə, xüsusilə vaxtından əvvəl doğulan, xroniki xəstəliyi olan və ya yaxın zamanda infeksiya keçirən körpələr səfərə çıxmazdan əvvəl mütləq həkim müayinəsindən keçməlidirlər. O, həmçinin yaşa uyğun peyvəndlərin tamamlanmasının vacibliyini vurğulayıb.

Yusuf Çelik bildirib ki, ilk 6 ay yalnız ana südü ilə qidalanan körpələrdə isti günlərdə əmizdirmə tezliyi artırılmalı, əlavə qidaya keçən uşaqlara isə kifayət qədər maye verilməlidir. Açıqda qalmış və gigiyenasına əmin olunmayan qidalardan uzaq durmaq tövsiyə edilir.

Mütəxəssis körpələrin xüsusilə saat 11:00–16:00 arasında birbaşa günəş şüaları altında saxlanılmamasını, 6 aydan yuxarı uşaqlarda isə SPF 50 tərkibli günəş qoruyucularından istifadə edilməsini məsləhət görüb.

Həkim əlavə edib ki, yüksək hərarət, nəfəsalma çətinliyi, davamlı qusma, güclü ishal, susuzlaşma əlamətləri, qıcolma və ya ciddi travma hallarında vaxt itirmədən ən yaxın tibb müəssisəsinə müraciət olunmalıdır.