Təcili yardım çağırışında qıcıqlanmağa ehtiyac yoxdur - Həkim-pediatr

Vaqif Qarayev: "Dispetçerin sualları 30 saniyə çəkir, bu normal prosedurdur”

“Qaydaya görə dispetçerin bütün suallarına cavab verilməlidir; adı, soyadı, yaşı, ünvanı və şikayəti. Buna cəmi yarım dəqiqə vaxt lazımdır. Amma nədənsə hörmətli insanlarımız bu sulara çox qıcıq olurlar”.

Bu sözləri “Sherg.az”a açıqlamasında həkim-pediatr Vaqif Qarayev təcili tibbi yardım çağırışları zamanı dispetçerin çox sual verməsinə münasbət bildirərkən söylədi.

Məlumat üçün bildirək ki, mənzildə azyaşlı nəvəsiylə yaşayan yaşlı qadının halının qəfil pisləşdiyi, qonşudan təcili yardım çağırılmasını xahiş etdiyinə dair məlumat paylaşılıb. Məlumatı feysbuk səhifəsində yayan şəxs “dispetçerə ünvanı, ad soyadı, qadının vəziyyətini demişəm, məndən soruşur ki, neçə yaşı var? Deyirəm, bilmirəm, qadın huşsuzdu, özündən öyrənə bilmərəm, dispetçer dəstəyi asdı”.

Hadisələr sonra necə cərəyan edib, təcili yardım ünvana gəlibmi, bilinmir. 

V.Qarayev isə bildirdi ki, təcili yardım stansiyasında çağırışları qəbul edən dispetçer vətəndaş haqqında zəruri məlumatları almalıdır. Bu, ünvana hansı ixtisas üzrə həkimin göndərilməsini dəqiqləşdirmək üçündür: 

- Bu suallar yarım dəqiqə vaxt apara, ya aparmaya. Vətəndaş təcili yardıma çağırış edirsə, mümkün qədər dəqiq məlumat verməyə çalışmalıdır. Qadının yaşı bilinməyib deyə, inanmıram ki buna görə çağırışdan imtina edilsin. Zəng vuran deyə bilərdi ki, qonşuyam, yaşını bilmirəm, tənha adamdı, indi də filan şikayəti var, vəssalam. Məncə, bu məlumatda bir qədər şişirtmə var. Təcili yardım bir yaş məsələsinə görə çağırışdan imtina etməz.