Tibb müəssisəsinin idarə olunmasında həm tibbi iqtisadçıların, həm də həkimin öz yeri var
Səhiyyə sistemində son günlər kadr islahatları aparılır. Kimlərsə vəzifədən kənarlaşdırılır, onların yerinə başqaları təyin edilir. Bu məsələ isə daim müzakirə predmetidir: tibb müəssisəsinin rəhbəri hansı ixtisas sahibi olmalıdır – həkim, yoxsa iqtisadçı, menecment, hüquqşünas? Bəzən rəylər çarpazlaşır, tibb müəssisəsinin nümunəvi fəaliyyəti üçün rəhbərin məhz həkim olması vurğulanır, bəzən də “həkim tibb işlərinə baxsın, idarəetmə bacarığı olan şəxs rəhbər təyin edilməlidir”, deyilir.
Baş verən kadr islahatlarına münasibət bildirən həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, kadr dəyişikliyi aparıla bilər, amma əsas məsələ keyfiyyətli xidmətdir:
- Baxırsan ki işdən kənarlaşdırılan şəxs kimə yaxşılıq edibsə, tərifləyir onu, təəssüflənirlər işdən çıxarıldığına görə. Kimə pislik edibsə, yəni xahişini yerə salıbsa, sevinirlər işdən çıxdığına görə, “çoxdan belə olmalıydı”, deyirlər. Belə olmalı deyil. Səhiyyə xidməti spesifik sahədir. Normal, keyfiyyətli xidmət almaq hamının haqqıdır! Bu məsələdə heç kimin heç bir imtiyazı yoxdur, olmamalıdır.
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “idarəetmə necə olmalıdır” sualına beynəlxalq təcrübəyə istinadən cavab verilməlidir:
- Beynəlxalq təcrübəyə əsasən xəstəxanaların iqtisadi baxımdan idarə edilməsi xüsusi tibbi iqtisadçılar var, onlara həvalə edilir. Dünyanın bir çox ölkəsndə məhz belədir. Tibbi iqtisadçılara həvalə edirlər iqtisadi məsələləri. Amma xəstəxananın tibb işlərinə rəhbərliyi həkim aparmalıdır mütləq. Bu, vacibdir. Çünki həkimlər tibbi proseslərə nəzarət edir. Şöbə müdürü, direktor, bütövlükdə xəstəxananın rəhbəri həkim olmalıdır. Klinik protokolların düzgün tərtib edilməsi, tibbi münasibətlər sisteminin düzgün formalaşması, həkim etikası kodeksinə əməl edilməsi, dərmanların dövriyyə sistemi, xəstələnmə, ölüm halları və letallıq göstəricilərinin statistikası, proseslərin idarə olunması həkimlərə bağlıdır. Tibb müəssisəsinin idarə olunmasında həm tibbi iqtisadçıların, həm də həkimin öz yeri, öz funksiyası var. O müəssisə nümunəvi olur, hansında ki bu funksiyaları işinin öhdəsindən gələ bilən şəxslər icra edir.