Milli Məclisin deputatları Almaniya Bundestaqının üzvləri ilə görüşüblər.
Bu barədə Sherg.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsidən məlumat verilib.
Bildirilib ki, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov və qrupun üzvü Kamal Cəfərov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun Azərbaycana səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində olan Bundestaq deputatları Daniel Kölbi və Lamya Kaddor ilə görüşüblər.
Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan parlamentlərarası əlaqələrin və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı parlament dostluq qrupları arasında əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Almaniya Bundestaqının deputatları Milli Məclisin inzibati binası və burada yaradılmış iş şəraiti ilə də tanış olublar.