Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov İtaliyanın Acireale şəhərinin yepiskopu, Siciliya Yepiskoplar Konfransının sədri monsinyor Antonino Raspanti ilə görüşüb.
APA xəbər verir ki, bu barədə səfir "X" hesabında bildirib.
Görüş Acireale Yepiskop Sarayında keçirilib. Səfir İlqar Muxtarov ilə monsinyor Antonino Raspanti arasında keçirilən görüş səmimi şəraitdə baş tutub. Tərəflər mədəniyyətlərarası mübadilə, xalqlar arasında dialoq, əməkdaşlığın inkişafı, sülh və birgəyaşayış dəyərlərinin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin diplomatiya və kilsə institutlarının dialoqun və qarşılıqlı hörmətin möhkəmləndirilməsində oynaya biləcəyi rol müzakirə olunub.
Səfər çərçivəsində səfir Acireale Kilsəsinin tarixi, bədii irsi və mənəvi dəyərləri ilə də yaxından tanış olub. Bazilikaya ekskursiyaya yeparxiya muzeyinin direktoru keşiş Antonio Agostini rəhbərlik edib. O, kilsənin baş keşişi Mario Fresta və baş keşişin müavini Rosario Pappalardo ilə birlikdə qonağa Müqəddəs Venera ibadətgahını, günəş saatını və rəssam Sciutinin əsərlərini təqdim edib.
Səfərin sonunda səfir İlqar Muxtarov göstərilən qonaqpərvərliyə, eləcə də yeparxiyanın tarixi, bədii və mənəvi irsinə görə məmnunluğunu ifadə edib, səmimi qəbula və məhsuldar institusional müzakirəyə görə monsinyor Antonino Raspantiyə təşəkkürünü bildirib.