“Növbədənkənar parlament seçkiləri yolu ilə getmək ssenarisinə heç nə mane olmur, amma müxalifətlə yanaşı, ictimaiyyətlə dialoq da çox vacibdir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu məsələsinə münasibət bildirərkən deyib.
Baş nazirin sözlərinə görə, ictimaiyyət və vətəndaş cəmiyyəti ilə dialoqa ehtiyac var:
“Layihə hazır olduqda parlamentə göndəriləcək və səsvermə keçiriləcək. Səsvermənin nəticələrinə uyğun olaraq bundan sonrakı addımlar barədə düşünəcəyik”.
Paşinyan qeyd edib ki, Ermənistan parlamentində mütləq müzakirələr aparılmalı, daha sonra səsvermə keçirilməlidir, sonrakı proseslər isə səsvermənin nəticələrindən asılı olacaq.
Baş nazir yeni Konstitusiya layihəsində görünməmiş yeniliklərin nəzərdə tutulduğunu da bildirib:
“Bütün müstəqil və muxtar qurumlarda müxalifət üçün kvotalar nəzərdə tutulub. Bu, vəzifələrin siyasiləşdirilməsi demək deyil. Amma məhkəmə sistemində və Mərkəzi Bankda bu baxımdan inklüzivliyin təmin olunması üçün müəyyən təminatlar yaradılır”.