Rizvan Nəbiyev: “Avropa sülh yaratmaq əvəzinə, keçmiş münaqişəni manipulyasiya edir”
Avropa Parlamenti (AP) Azərbaycanda "insan hüquqlarının pozulmasına" dair növbəti qərəzli bəyanat qəbul edib. Azərbaycana qarşı ikili standartların növbəti təzahürü olan bu sənəd ölkəmizin daxili siyasi proseslərini birtərəfli şərh edir, ölkənin mürəkkəb reallıqlarını nəzərə almadan yalnız seçilmiş faktları qabardır. Bəyanatda Azərbaycanın bir sıra "akademik və siyasi fiqurlar"ın həbsi ilə bağlı iddialar ön plana çıxarılır, lakin ölkənin milli təhlükəsizlik kontekstinə, regional münaqişələrin yaratdığı təzyiqlərə və dövlətin suveren hüquqlarına heç bir istinad edilmir. Bu, AP-nin yanaşmasının selektiv olduğunu göstərir. Bəyanatda milli təhlükəsizlik qanunvericiliyinin tətbiqi "daxili siyasi mübarizə" kimi təqdim olunur. Halbuki ölkəmiz uzun illərdir separatizm, terrorizm və xarici müdaxilə riskləri ilə üz-üzədir. Bəyanat həmçinin Azərbaycanın Avropa İttifaqı ilə gələcək tərəfdaşlıq sazişlərini insan haqları ilə şərtləndirməyi tələb edir. Bu, siyasi təzyiq aləti kimi görünür. Avropa İttifaqı digər ölkələrlə, xüsusilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq etdiyi tərəfdaşlarla bu qədər sərt şərtlər irəli sürmür. Azərbaycanın enerji resursları və geosiyasi mövqeyi Avropa üçün həyati əhəmiyyət daşıyır. Əfsuslar ki, bəyanatda bu faktlar tamamilə görməzlikdən gəlinir.
Millət vəkili Səməd Seyidov "Şərq"ə deyib ki, Azərbaycanın uğurları beynəlxalq aləmdə əks-səda doğurduğu an Avropa Parlamenti (AP) öz məkrli siyasətini ortaya qoyur. Deputatın sözlərinə görə, bunun bir daha şahidi olduq: "Əslində isə onlar bu gün sülhün əldə olunmasını müzakirə etməli idilər. AP Azərbaycanı müzakirəyə dəvət etməli, qarşılıqlı fikir mübadiləsi aparmalı idi. Lakin qurum tamamilə fərqli və qərəzli mövqedən çıxış edir. Avropa Parlamentinin daxilində yalan, böhtan, ikili standartlar və korrupsiya hökm sürür. Azərbaycanın COP29-a ev sahibliyi etməsi məsələsində də Avropa Parlamenti yalnız boykot mövqeyi nümayiş etdirib".
S.Seyidov qeyd edib ki, dünən ona zəng edilib və çıxış edən deputatlardan biri gündəmdə başqa məsələnin olmasına baxmayaraq, sülhdən danışmaq niyyətində olduğunu bildirib: "Azərbaycanın onlara lazım olduğunu, güclü dövlət olmasından danışdı. Belə paradoks yaranır. Bu gün hətta Avropa İttifaqının nümayəndəsi Azərbaycanın onlar üçün vacib tərəfdaş olduğunu bildirib və Ermənistanla sülh müqaviləsinin imzalanmasının zəruriliyini xüsusi vurğulayıb. Avropa Parlamenti ölkəmizə qarşı qərəzli yanaşma sərgiləsə də, qurum daxilində bir sıra deputatlar Azərbaycanın mövqeyini dəstəkləmək niyyətindədir".
Millət vəkili Rizvan Nəbiyev də bildirib ki, Avropa İttifaqındakı psevdo-liberallar sülh prosesinə xələl gətirmək niyyəti güdürlər. Deputatın sözlərinə görə, islamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir: "Ermənistanın 30 illik işğalına son qoymaqla Azərbaycan regionda yeni siyasi reallıq yaradıb. Bu reallıq beynəlxalq hüquqa əsaslanır və yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş region üçün yeni əməkdaşlıq imkanları açır. Təəssüf ki, Avropa İttifaqı malik olduğu resurslarla yeni əməkdaşlıqda yer almaq, sülh gündəliyini dəstəkləmək əvəzinə, keçmiş münaqişə dövrünün narrativlərini modifikasiya edərək Ermənistana səhv istiqamətlərdə dəstək göstərir. Sənəddə yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir. Ermənistanın hərbləşdirilməsi məqsədilə "Avropa Sülhü Fondu" adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir. Brüssel Ermənistanda insan haqlarının pozulmasına açıq şəkildə göz yumur. Cari il ərzində din xadimlərinin, siyasətçilərin həbsi ilə bağlı nə bir bəyanat verilib, nə də hər hansı dinləmə təşkil olunub. Əksinə, Ermənistan hökumətinə davamlı və məhdudiyyətsiz siyasi dəstək ifadə edilir. Biz Avropa İttifaqının Rusiya-Ukrayna münaqişəsinin həllində israrla müdafiə etdiyi beynəlxalq hüquq prinsiplərinə Ermənistan-Azərbaycan normallaşma prosesində fərqli və qərəzli yanaşmasını görürük. Yoxsa Paris və Brüssel Vaşinqtonun da dəstəklədiyi sülh prosesinə qarşı alternativ gündəm hazırlayır? Unutmayaq ki, təkcə Cənubi Qafqazda deyil, Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə ticarət münasibətlərində də Azərbaycanın malik olduğu geosiyasi mövqe, resurslar və yaratdığı infrastruktur həlledici əhəmiyyət daşıyır".