Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) rəhbərlik böhranı davam edir. Bu həftə keçiriləcək Mərkəzi İdarə Heyətinin (MYK) iclasında daha bir neçə vilayət təşkilatı sədrinin vəzifədən kənarlaşdırılacağı gözlənilir.
Sherg.az xəbər verir ki, partiyanın son MYK iclasında daha 7 vilayət sədri vəzifəsindən uzaqlaşdırılıb. Bununla da vəzifədən çıxarılan vilayət sədrlərinin sayı 43-ə çatıb.
Məlumata görə, çərşənbə axşamı CHP sədri Kemal Kılıçdaroğlunun rəhbərliyi ilə keçiriləcək növbəti MYK iclasında yeni kadr dəyişiklikləri və partiya qurultayının təqvimi müzakirə olunacaq.
Digər tərəfdən, Özgür Özələ yaxın qanad yeni partiyanın yaradılması istiqamətində hazırlıqları sürətləndirib. Fövqəladə qurultayın keçirilməsi tələbi ilə 800-dən çox nümayəndənin imzası partiyanın Baş Qərargahına təqdim edilib və rəhbərliyə iyulun 11-dək vaxt verilib. Bildirilir ki, bu müddət başa çatdığından, həftə ərzində məhkəməyə müraciət oluna bilər.
Habertürk-ün məlumatına görə, həftənin ortalarınadək CHP rəhbərliyi fövqəladə qurultayın keçirilməsi ilə bağlı müsbət qərar verməzsə, yeni partiyanın yaradılması üçün təsis ərizəsi Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim edilə bilər.
Bununla yanaşı, CHP-nin parlament fraksiyasının rəhbəri Özgür Özəlin həftənin əvvəlində Türkiyə Böyük Millət Məclisində yaxın silahdaşları ilə görüş keçirəcəyi, çərşənbə axşamı isə parlamentdə çıxış edərək mövqeyini açıqlayacağı bildirilir.