İstanbul Respublika Baş Prokurorluğu CHP-nin Sarıyerdə keçirdiyi üzvlük mərasiminə kastinq agentliyi vasitəsilə partiya üzvü olmayan şəxslərin gətirildiyi iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Sherg.az xəbər verir ki, prokurorluqdan bildirilib ki, istintaq daxil olmuş şikayət ərizəsi və məsələ ilə bağlı yayılan məlumatlar əsasında başladılıb. Araşdırma başa çatdıqdan sonra şikayət edilən şəxslərin ifadələri alınacaq.
İddialara görə, tədbirə iştirakçı cəlb etmək üçün kastinq agentliyindən istifadə olunub. Sosial şəbəkələrdə müəyyən məbləğ qarşılığında tədbirə qatılmağa çağırış edildiyi iddia edilən mesajların yayılması müzakirələrə səbəb olub.
CHP-nin İstanbul təşkilatına məhkəmə qərarı ilə müvəqqəti rəhbərlik edən Gürsel Tekin isə bu iddiaları təkzib edib. O bildirib ki, partiya fəaliyyəti könüllülük prinsipi əsasında qurulub və bəzi gənclərə yalnız nəqliyyat xərcləri üçün dəstək göstərilir.
Tekin əlavə edib ki, hadisənin araşdırılması üçün Respublika Prokurorluğuna cinayət barədə müraciət edilib və məsul şəxslərin müəyyənləşdirilməsini tələb edib.