
Ermənistan nəyə güvənir, bəlli deyil - ŞƏRH
Sülh prosesi Paşinyan komandasının açıqlamaları, davranışları səbəbindən getdikcə dalana dirənir
Son günlər Ermənistan hökuməti yenidən qeyri-konstruktiv mövqe nümayiş etdirməyə başlayıb. Nə ölkənin Baş naziri Paşinyan, nə də xarici işlər naziri Ararat Mirzoyan əvvəlki kimi sülh ritorikası ilə danışır, Ermənistan rəsmiləri birbaşa müharibə ritorikası ilə danışmağa başlayıb. Güman ki, danışıqlar prosesini manipulyasiya edən Ermənistan hökumətinin bu cür danışmasının arxasında qərbin Ermənistanı silahlandırması və ayrılan maliyyə yardımları dayanır. Qərb Cənubi Qafqazda vəziyyəti dəyişmək, yeni gərginlik yaratmaq üçün Ermənistanı silahlandırır. Ekspertlərin iddiasına görə, Qərb, hətta İran, Hindistan vasitəsilə də İrəvanı yeni eskalasiyaya hazırlayır. Əks halda bir-iki ay əvvələ kimi davamlı sülh açıqlamaları verən, "İrəvan sazişə imza atmağa hazırdır" deyən Paşinyan hakimiyyəti hiss olunacaq dərəcədə geri çəkilməzdi. Üstəlik, Ermənistan açıq-aşkar silahlanmaqda və hərbi təlimlərlə regionu gərginləşdirməyə davam etməkdədir. Lakin Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialardan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Azərbaycan və Ermənistan arasında baş verən prosesləri “Sherg.az"a şərh edib.
Onun sözlərinə görə, Qərbin Ermənistana yardımları, “Sülh Fondunun” 10 milyon, Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində danışıqların başlanması, şübhəsiz ki, ümumi sülh və təhlükəsizlik prosesinə mənfi təsir göstərən amildir:

“İlin əvvəlində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına çox böyük inam vardı. Bu ehtimallar az da olsa hələ də aktualdır. Xüsusilə də Azərbaycan tərəfinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası - COP29 konfransına Ermənistanı dəvət etməsi özlüyündə ölkəmizin sülhə və təhlükəsizliyə olan münasibətini əks etdirir. Qarşı tərəfdə isə tamamilə fərqli proseslər gedir. Ermənistan sürətlə silahlanır, Avropa İttifaqının Sülh Fondu Ermənistana 10 milyon avro pul ayırır. ABŞ ilə Ermənistan arasında hərbi təlimlər keçirilir. Avropa Sülh Fondunun yardımı göstərir ki, əslində, sülhün, təhlükəsizliyin, demokratiyanın, hüquq plüralizminin dəstəklənməsi naminə fəaliyyət göstərən şovinist dairələrin yanında olmağı seçirlər. Avropa Sülh Fondu kimi dırnaqarası sülh təşkilatları regionumuzda sülhü pozmaq naminə çalışırlar və bu da onların əsl mahiyyətini ortaya qoyur. Adı və mahiyyəti ziddiyyət təşkil edən bu fond eskalasiyaların maliyyələşməsində iştirak edir. Ermənistanda birgə yaşayışın təşviq edilməsindənsə, bu ölkə müdafiə qabiliyyətinin artırılması adı altında silahlandırılır. Ermənistanın müasir silahlara əlçatanlığı üçün işlər görülür. Bu isə Ermənistanda revanşizmin güclənməsinə gətirib çıxarır. Ermənistan Müdafiə Nazirliyi isə hər dəfə deyir ki, silahlanma hər bir ölkənin suveren hüququdur. Lakin bir ölkə de-fakto müharibə vəziyyətindədirsə, onun silahlanması müharibə vəziyyətində olduğu ölkəyə yönəlib deməkdir. Bunu nə qədər gizləməyə çalışsan da, nəticədə o silahlar digərinə yönələcək”.
İ.Hüseynovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh prosesi Ermənistanın davranışları səbəbindən getdikcə dalana dirənir: “Xatırladım ki, Avropa Siyasi İcmasının Londonda keçirilən 4-cü Zirvə görüşündə isə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşdən qaçdı. Bu sülh isə sülh gündəliyinin tormozlanması deməkdir. Ermənistanın görüşdən imtina etməsi də göstərir ki, Paşinyan sülhdə maraqlı deyil, yaxud ayrı-ayrı geosiyasi mərkəzlərin sifarişlərini yerinə yetirir, öz müstəqil xarici siyasəti yoxdur. Əgər bu görüş baş tutsaydı, daha pozitiv sülh və əməkdaşlıq haqqında fikirlər söyləmək mümkün olardı. İndi isə reallıq tam əksini diktə edir. Bu görüş nəticəsində Azərbaycanın tələbləri bir daha bəyan olunacaqdı, bu da Ermənistan tərəfindən mütləq icra edilməli idi. Ermənistan isə bu tələbləri icra etməkdə prosesi uzadır və çalışır ki, maksimal dərəcədə sülh müqaviləsinin imzalanmasından boyun qaçırsın. Lakin arzuolunandır ki, sülhlə bağlı əldə olunan razılaşmaların daha da irəliləməsi həyata keçsin”.