Ermənistanla Rusiya arasında münasibətlərin daha da pisləşməsi hazırda ən real ssenari kimi qiymətləndirilir.
Sherg.az xəbər verir ki, “APRI Ermənistan” analitik mərkəzinin elmi əməkdaşı Beniamin Poqosyanın sözlərinə görə, münasibətlərin yaxşılaşması ehtimalı aşağı, hazırkı gərginliyin qorunması ehtimalı isə orta səviyyədədir. O, münasibətlərin daha da pisləşməsi ehtimalını orta göstəricidən bir qədər yüksək hesab edir.
Politoloq bildirib ki, gərginliyin artması ilk növbədə iqtisadi sahəyə təsir göstərəcək. Bu, qazın qiymətinin artırılması və ya tədarükünün dayandırılması, taxıl və digər strateji məhsulların ixracına məhdudiyyətlər, ermənilər üçün Rusiya əmək bazarının bağlanması və Rusiyadan pul köçürmələrinin məhdudlaşdırılması ilə nəticələnəcək.
Poqosyan bəzi tədbirlərin artıq 2027-ci ilin əvvəlində tətbiq oluna biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, münasibətlərin yaxşılaşması üçün Rusiyanın Ermənistan qarşısında iki şərt irəli sürdüyü ehtimal edilir. Bunlardan biri referendumun keçirilməsi, digəri isə Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanunun ləğvi ola bilər.
Ermənistan hökuməti isə hazırda referendum məsələsinin yetişmədiyini bildirir və sözügedən qanunun ləğv olunmayacağını açıqlayıb.
Qeyd edək ki, Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarı olaraq qalır və bu məhsulların ixracının 90 faizindən çoxu Rusiyanın payına düşür.