Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar siyasi dialoqdan iqtisadi əməkdaşlığa, humanitar əlaqələrdən regional inteqrasiyaya qədər bir sıra istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir.
Mövzu ilə bağlı millət vəkili Azər Allahverənov Sherg.az-la səfərin əhəmiyyəti, Azərbaycan-Qırğızıstan münasibətlərinin perspektivləri və bunun türk dünyasında inteqrasiya proseslərinə təsiri barədə fikirlərini bölüşüb:
"Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri kifayət qədər yüksək dəyərləndirilə biləcək səfərlərdən biridir. Çünki burada biz iki qardaş respublika arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün birgə səylərin həyata keçirildiyini və çox mühüm əhəmiyyət kəsb edən əlaqələrin yeni mərhələyə çıxarılması ilə bağlı güclü siyasi iradənin ortaya qoyulduğunu görürük. Bu baxımdan tam əminliklə deyə bilərik ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə daxil olur. Burada müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa keçid açıq şəkildə özünü büruzə verir. Nəticə etibarilə iki ölkə arasında strateji tərəfdaşlığın artıq müttəfiqlik səviyyəsində qərarlaşdığını görürük. Bu isə ilk növbədə iqtisadi, ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı, mədəni və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edə biləcək fəaliyyətlə şərtlənir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğız xalqları arasında tarixən mövcud olan güclü bağlılıq, türk ailəsinə mənsub olmaq, ortaq tarix, dil və mədəniyyət çox möhkəm fundament yaradır. Bu da nəticə etibarilə həmin fundament üzərində strateji tərəfdaşlığın ən yüksək səviyyədə qurulmasını mümkün edir. Biz görürük ki, iki dövlət arasında davam etdirilən bu tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər dost və qardaş ölkələri daha da yaxınlaşdırıb. Nəticə etibarilə bu gün bir sıra mühüm mexanizmlər əsasında həmin tərəfdaşlığın həyata keçirildiyini müşahidə edirik".
Parlamentari bildirib ki, onların sırasında Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Dövlətlərarası Şuranın artıq üçüncü iclasının keçirilməsi xüsusi əhəmiyyət daşıyır:
"Bu, siyasi dialoqun daha yüksək səviyyədə həyata keçirilməsini, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün konkret yol xəritəsinin müəyyənləşdirilməsini, humanitar əməkdaşlığın isə yeni istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutan razılaşmalarla xarakterizə olunur. Dövlətlərarası Şuranın fəaliyyəti və digər qurumlar arasında intensiv təmaslar onu göstərir ki, bu münasibətlər həqiqətən də müttəfiqlik səviyyəsinə yüksəlib və artıq öz bəhrəsini verməkdədir.
Burada ən önəmli məsələlərdən biri, şübhəsiz ki, siyasi dialoq və siyasi müstəvidə tərəfdaşlıqla yanaşı, hər iki ölkənin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə olunması üçün əlverişli şəraitin yaradılmasıdır. Nəzərə alaq ki, bu gün ən mühüm istiqamətlərdən biri enerji layihələrinin reallaşdırılması və nəqliyyat-logistika infrastrukturunun inkişafıdır. Xüsusilə də Orta Dəhliz vasitəsilə Çindən Avropaya daşınan beynəlxalq yüklərin Qırğızıstan, Azərbaycanın strateji tərəfdaşları olan Özbəkistan və Qazaxıstanın ərazilərindən keçməklə Avropaya çatdırıldığını görürük. Bu isə beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət daşıyan iki əsas elementi- enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələrini uğurla birləşdirir. Bu layihələrin Qazaxıstanın da iştirakı ilə reallaşdırılması tərəfdaşlığın hansı səviyyədə formalaşdığını göstərən çox vacib göstəricilərdən biridir".
Deputat qeyd edib ki, burada eyni ticarət dövriyyəsinin artırılması üçün dəgeniş potensial mövcuddur:
"Gələcəkdə Azərbaycan ilə Qırğızıstan arasında həm ticarət dövriyyəsi, həm də investisiya siyasəti daha qabarıq şəkildə inkişaf edəcək və iqtisadi əməkdaşlığın dərinləşməsi üçün əlverişli şərait yaradacaq. Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara qədər artırılması qərarı qəbul olunub. Bu da hər iki ölkənin müxtəlif iqtisadi sektorlarında daha əlverişli imkanlar yaradacaq. Nəticə etibarilə iqtisadi müstəvidə həyata keçirilən siyasətin daha da möhkəmlənməsi və ən yüksək səviyyədə bərqərar olması üçün mühüm zəmin formalaşacaq. Bundan başqa, iki ölkə arasında artıq 100-dən çox sənəd imzalanıb. Bu sənədlər bir çox sahələri əhatə edir, bu da əməkdaşlığın geniş miqyas aldığını göstərir".
Milli məclisin üzvü əməkdaşlığın mühüm istiqamətlərindən birinin də humanitar sahə olduğunu söyləyib:
"Azərbaycan üçün həssas mövzu hesab olunan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində Qırğız xalqının və bütövlükdə Qırğızıstan Respublikasının fəal iştirakı yüksək qiymətləndirilir. Bu da humanitar müstəvidə sıx əlaqələrin qurulduğunu və inkişaf etdirildiyini göstərir. Bu baxımdan Ağdam rayonunun Xıdırlı kəndində Aykol Manas adına tam orta məktəbin tikintisində Qırğız xalqının töhfəsi olaraq qırğız şirkətlərinin yaxından iştirakı və Qırğızıstan hökumətinin bu prosesə dəstək göstərməsi, xüsusilə humanitar əməkdaşlıq baxımından çox mühüm siyasi jestdir. Bu layihə tərəfdaşlığın yüksək səviyyədə qərarlaşdığını nümayiş etdirən vacib təhsil infrastrukturu layihəsidir. Bu baxımdan iki ölkə arasında münasibətlərin məhz belə möhkəm bağlar üzərində inkişaf etdirilməsi ilə bağlı siyasi iradənin mövcud olması, beynəlxalq platformalarda dövlətlərin bir-birini dəstəkləməsi böyük uğurlar və nailiyyətlərdir. Bu, iki xalqı daha da yaxınlaşdırır".
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi TDT çərçivəsində əməkdaşlıq məsələsindən də danışıb:
"Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirmək lazımdır. Bununla yanaşı, ictimai diplomatiya sahəsində də, xüsusilə Azərbaycan və Qırğızıstan QHT-ləri arasında əlaqələrin inkişaf etdiyini müşahidə edirik. Cari ildə Azərbaycan və Qırğızıstan QHT-lərinin birinci əməkdaşlıq forumunun Bakıda keçirilməsi ictimai diplomatiya sahəsində mühüm işlərin həyata keçirildiyini göstərir. Nəticə etibarilə müxtəlif beynəlxalq platformalarda təmsil olunan bu iki dövlət dost və qardaş münasibətlərini həmin platformalara da proyeksiya edirlər. Bu isə yeni strateji hədəflərin müəyyənləşdirilməsinə, xüsusilə türk dünyasının daha sıx inteqrasiyasına, iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regional sabitliyə və dayanıqlı inkişafa xidmət edən strateji tərəfdaşlıq modelinin formalaşdırılmasına töhfə verir. Nəticə etibarilə həm ikitərəfli münasibətlərdə, həm də xüsusilə bizim üçün doğma olan Türk Dövlətləri Təşkilatı platformasında həyata keçirilən birgə fəaliyyətlər iki dövlət arasında münasibətlərin ən yüksək səviyyədə qərarlaşdığını göstərir".
Millət vəkili bunun bütövlükdə türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə və Avrasiya qitəsinin müxtəlif qütblərini bir-biri ilə birləşdirən mühüm inteqrasiya layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb:
"Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri həm geosiyasi mahiyyətinə, həm geoiqtisadi baxımdan əhəmiyyətinə, həm də regional əməkdaşlığın daha geniş şəkildə təşviq olunmasına verdiyi töhfəyə görə olduqca mühüm və strateji əhəmiyyət daşıyan səfər kimi qiymətləndirilməlidir".