“İrandan sonra hədəf Türkiyə deyil” - Türk ekspert Elif Sena Darbaz

"Duqlas Makqreqorun fikirləri ABŞ dövlət doktrinası kimi oxuna bilməz. Bu fiklər daha çox strateji şərh və şəxsi analiz çərçivəsində dəyərləndirilməlidir"

Duqlas Makqreqorun “İrandan sonra ABŞ-nin hədəfi Türkiyədir” açıqlaması müzakirələrə səbəb olub. ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri, istefada olan polkovnik Türkiyənin İrandan daha güclü olduğunu, NATO-nun ən böyük ordularından birinə və real donanmaya sahib olduğunu bildirib. O, İran uğurla məhv edildikdən sonra diqqətin Türkiyənin məhv edilməsinə yönələcəyini və mümkün Türkiyə-İsrail qarşıdurmasının Suriyada baş verə biləcəyini iddia edib.

Xarici siyasəti üzrə türk ekspert Elif Sena Darbaz mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Duqlas Makqreqorun “İrandan sonra hədəf Türkiyədir” açıqlamasını necə qiymətləndirirsiniz?

-Bu tip iddiaları dəyərləndirərkən Vaşinqtonun necə işlədiyini bilmək vacibdir. Amerika heç bir dövrdə tək mərkəzdən danışan struktur olmayıb. Siyasi iradə, müdafiə bürokratiyası, Konqres və beyin mərkəzləri arasında ton fərqləri tez-tez müşahidə olunur.

Makqreqor keçmişdə Pentaqon çevrəsində fəaliyyət göstərmiş bir şəxsdir. Bu gün tutduğu mövqe rəsmi qərarvermə mexanizminin bir hissəsi deyil. Buna görə də onun fikirləri ABŞ dövlət doktrinası kimi oxuna bilməz. Bu fiklər daha çox strateji şərh və şəxsi analiz çərçivəsində dəyərləndirilməlidir.

-ABŞ daxilində Türkiyəyə yanaşmada hansı fərqlər var?

-Amerika xarici siyasəti Ağ Ev, Müdafiə Nazirliyi, Dövlət Departamenti və Konqres arasındakı mürəkkəb tarazlıqla formalaşır.

Burada “Tramp Amerikası” ilə Amerikanın qurulmuş nizamı arasındakı fərqi aydın şəkildə ortaya qoymaq lazımdır. Donald Tramp dövründə xarici siyasət daha praqmatik, lider diplomatiyasına açıq və nəticəyönlü xarakter daşıyır. Ankara-Vaşinqton xəttində S-400 və Suriya mövzularında gərginliklər yaşandı. Buna baxmayaraq şəxsi diplomatik kanallar qopmanın qarşısını aldı. Tramp administrasiyası Türkiyəni NATO-nun cənub cinahında strateji dayağ nöqtəsi kimi görür. Bu yanaşma Ankara baxımından daha idarəolunan və danışıqlara açıq zəmin yaradır.

Vaşinqtondakı yerləşən təhlükəsizlik dairələri isə Türkiyəyə daha ehtiyatlı yanaşır. Xüsusilə Suriya, Şərqi Aralıq dənizi və müdafiə sistemləri mövzularında Ankaranın müstəqil addımları səbəbilə mübahisə başlıqları formalaşdırıb. Bu refleks Türkiyəni sistemdən kənarlaşdırma strategiyası anlamına gəlmir. Bu, tarazlaşdırma və təsir sahəsini məhdudlaşdırma cəhdidir.

Türkiyənin müdafiə potensialına baxıldıqda mənzərə konkret faktlarla danışır. 

-Türkiyənin hərbi potensialı bu müzakirələrdə hansı rol oynayır?

-Türkiyə NATO-nun ən böyük ikinci quru qoşununa malik ölkələrindən biridir. Aktiv şəxsi heyətin sayı, modernləşdirilmiş zirehli bölmələri və sərhəddənkənar əməliyyat təcrübəsi diqqətçəkicidir. Dəniz qüvvələri sahəsində MİLGEM korvetləri, TCG Anadolu kimi amfibi hücum gəmisi layihələri və yerli istehsal freqat proqramları dəniz gücünü fərqli səviyyəyə çıxarıb. Pilotsuz uçuş sistemləri sahəsində Bayraktar TB2 və Akıncı platformaları döyüş meydanında özünü sübut edib. Bu sistemlər həm ixrac potensialı, həm də əməliyyat effektivliyi baxımından yeni bir paradiqma formalaşdırıb. Müdafiə sənayesində yerlilik nisbətinin son iyirmi ildə ciddi şəkildə artması xarici asılılığı azaldan mühüm amilə çevrilib.

-İranla müqayisədə “növbə Türkiyədədir” ssenarisi nə dərəcədə realdır?

-İran uzun müddətdir ağır sanksiyalar altında, Qərb maliyyə sisteminə məhdud çıxışı olan və hərbi doktrinasını əsasən asimmetrik elementlər üzərində quran bir ölkədir. Regional təsirini əsasən əvəzedici aktorlar və raket potensialı üzərindən formalaşdırır. Türkiyə isə NATO üzvü, Qərb təhlükəsizlik memarlığına inteqrasiya olunmuş və konvensional hərbi gücü yüksək olan aktordur. Dəniz gücü, hava qüvvələrinin modernləşdirilməsi və müdafiə sənayesinin istehsal həcmi baxımından bu iki ölkə fərqli kateqoriyalarda qiymətləndirilir. Bu səbəbdən “İrandan sonra növbə Türkiyədədir” kimi xəttli ssenari geosiyasi reallıqla tam uzlaşmır.

-Makqreqor Türkiyə-İsrail mövzusuna da toxunub.

-Makqreqorun Türkiyə-İsrail qarşıdurmasına dair vurğuları əsasən Suriya sahəsindəki həssas balanslara söykənir. İsrail ilə Türkiyə arasında zaman-zaman sərt ritorika müşahidə olunur. Lakin hər iki tərəf birbaşa hərbi toqquşmanın nəticəsini hesablayan rasional aktorlardır. Regional rəqabət əsasən nəzarətli sahələrdə davam edir.

Azərbaycan baxımından mövzu daha geniş strateji çərçivəyə malikdir. Türkiyənin hərbi və diplomatik potensialı Cənubi Qafqazdakı tarazlıq memarlığının əsas sütunlarından biridir. Ankaranın güclü qalması Bakı üçün təhlükəsizlik baxımından mühüm əhəmiyyətlidir.

Nəticə etibarilə, Makqreqorun sözləri Amerika daxilindəki müzakirələrin bir əksidir. Tramp xəttindəki praqmatik yanaşma Türkiyə üçün daha çevik diplomatik imkanlar açsa da, qurulmuş nizam zaman-zaman daha məhdudlaşdırıcı reflekslər göstərə bilər. Ancaq beynəlxalq sistemin çılpaq reallığı var. Türkiyə nəzərə alınmadan regional tənlik qurmaq mümkün deyil. Buna görə də “hədəf ölkə” ritorikası manşet yaradır. Strateji analiz isə daha soyuqqanlı və dərin oxunuş tələb edir.

-Suriyanın şimalındakı proseslər və İsrail faktoru bu tənlikdə hansı yeri tutur?

-Suriyanın şimalında PKK ilə əlaqəli hesab edilən strukturların mövcudluğu uzun müddətdir regional təhlükəsizliyin ən həssas məsələlərindən biri olaraq qalır. Türkiyə bu strukturları birbaşa milli təhlükəsizlik təhdidi kimi görür. Ankara sərhəddənkənar əməliyyatlarla onların ərazi nəzarətini xeyli daraldıb. Dəməşqdə Əhməd Şara liderliyi ilə formalaşan yeni siyasi xətt isə mərkəzi hakimiyyəti yenidən bərpa etməyə nail olub. Suriya daxilində silahlı və muxtar strukturların ya ləğvi, ya da mərkəzə inteqrasiyası prosesi də uğurla nəticələnib. Bu çərçivədə şimaldakı PKK ilə əlaqəli ünsürlərin siyasi və hərbi manevr imkanlarının məhdudlaşdırıldığı aydın görünür. Həmçinin yerli ərəb ünsürlərinin və tayfa balanslarının daha görünən hala gəldiyi bir mənzərə ortaya çıxır.

Bu tənlikdə İsrail faktorunu da nəzərdən qaçırmaq olmaz. İsrail Suriya sahəsində əsasən İranla əlaqəli hərbi mövcudluğa fokuslansa da, ölkənin şimalındakı güc boşluqlarını və aktor dəyişikliklərini diqqətlə izləyir. 

-MOSSAD-ın ABŞ ilə əlaqələrindəki yaxınlığı təmin etməkdə məqsədi nədir?

-PKK ilə bağlı strukturların zəifləməsi, İran təsirinin balanslaşdırılması və Dəməşqin mərkəzləşmə prosesi İsrailin təhlükəsizlik hesablamalarını pozur. Məhz buna görə bu gün MOSSAD Epştein dosyesini açaraq ABŞ-yə İranı vurmaq məsələsində təzyiq və şantaj göstərir. Dolayısı ilə Suriyanın şimalında baş verən transformasiya təkcə Türkiyə-Dəməşq xətti ilə məhdudlaşmır. Təl-Əvivin təhlükəsizlik baxışı da bu prosesin mühüm tərkib hissəsidir.