Moskva geri çəkilsə məğlubdur, Kiyev güzəşt etsə dövlətini itirər - TƏHLİL

Elçin Alıoğlu: "Kreml açıq mesaj verdi, texniki dəyişikliklər əsas xətti dəyişmir"

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında Kremldə keçirilən görüş təxminən beş saat davam edib. Görüşdə, həmçinin prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də iştirak ediblər. ABŞ-ni xüsusi elçi Stiven Uitkoff və sahibkar, investor və “Affinity Partners” şirkətinin təsisçisi Cared Kuşner təmsil edib. Danışıqların nəticələrinə görə Moskva söhbəti “çox faydalı və konstruktiv” kimi qiymətləndirib. Yuri Uşakovun sözlərinə görə, görüşdə Ukrayna böhranının həlli ilə bağlı ABŞ təkliflərinin bir neçə variantı müzakirə olunub. O qeyd edib ki, amerikalı həmkarlarla bir müddət əvvəl amerikalıların Moskvaya təqdim etdiyi layihələrin və sənədlərin məzmununu müzakirə ediblər. Uşakov ABŞ planının ilk variantının 27 maddədən ibarət sənəd olduğunu, Moskvanın isə daha sonra görüşdə müzakirə edilən daha dörd sənəd aldığını dəqiqləşdirib. O, sənədlərin məzmununu açıqlaya bilməyəcəyini vurğulayıb və qeyd edib ki, onların hamısı Ukraynadakı böhranın sülh yolu ilə uzunmüddətli tənzimlənməsinə aiddirlər. Uşakov hələlik heç bir kompromis planının olmadığını bildirib: "Bəzi Amerika təklifləri Rusiya Federasiyası üçün məqbuldur, bəziləri isə bizim üçün məqbul deyil". Eyni zamanda, o, dialoqun strukturu baxımından iki tərəfin bir-birindən uzaqlaşmadığını qeyd edib: "Lakin həm Vaşinqtonda, həm də Moskvada görüləsi çox iş var. Bu barədə razılıq əldə edilib və əlaqələr davam edəcək". Rusiyalı ekspertlər hesab edirlər ki, iş adamı və investorun iştirak etdiyi danışıqlar formatının özü ABŞ-nin rəsmi öhdəliklər qoymamaq istəyindən xəbər verir. 

Danışıqların nəticələrinə görə Moskvada qeyd edirlər ki, hazırkı raundun əsas məqsədi tərəflərin mövqelərini dəqiqləşdirmək və gələcək iş üçün əsas təşkil edə biləcək bəndləri müəyyən etməkdir. Rusiyalı şərhçilər vurğulayırlar ki, əsas məsələlərdə, əsasən ərazi və hərbi-siyasi məsələlərdə əhəmiyyətli fikir ayrılıqları qalmaqdadır. ABŞ dövlət katibi Marko Rubio deyib ki, bu müharibəni Rusiya tərəfindən yalnız Putin bitirə bilər. Onun sözlərinə görə, sülh sazişinin bağlanması ilə bağlı etimad səviyyəsindən danışmaq çətindir, çünki nəticə etibarilə, Rusiyanın vəziyyətində qərarları yalnız Putin verməlidir: "Rusiya tərəfində bu müharibəyə yalnız Putin son qoya bilər. Biz bunu araşdıracağıq. Bunun işləməsi üçün əlimizdən gələni edəcəyik. Son 10 ayda məqsədimiz bu olub". 

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna üçün ABŞ-nin sülh planının ən həssas məqamları ərazilər, dondurulmuş Rusiya aktivləri və təhlükəsizlik zəmanətləridir. O qeyd edib ki, Amerika və Ukrayna rəsmiləri arasında təmaslardan sonra yekunlaşan ABŞ-nin sülh planının bütün bəndlərini hələlik açıqlaya bilmir: "Mən deyə bilərəm ki, ən həssas məsələlər, ən mürəkkəb suallar, çağırışlar ərazilər, dondurulmuş aktivlərdir". Zelenski ABŞ-nin Ukrayna ilə bağlı sülh prosesinə marağını itirə biləcəyindən qorxduğunu etiraf edib. Zelenskidən ABŞ-nin sülh prosesinə marağını itirməsindən narahat olub-olmadığı soruşulduqda, o, "Bəli, qorxuram. Müttəfiqlərimizdən biri yorulursa, qorxuram" cavabını verib. Əlavə edib ki, Rusiyanın məqsədi Amerikanın diqqətini bu vəziyyətdən yayındırmaqdır.  

Rusiya Prezidenti Vladimir Putin isə iddia edib ki, Avropa hazırkı ABŞ administrasiyasının və Prezident Donald Trampın Ukraynada sülh razılaşmasına mane olur: "Birincisi, Avropa ölkələri bu sülh razılaşması prosesindən özlərini kənarlaşdırıblar. İkincisi, bu gün baş verənlərin nəticələrini bəyənmirlər və həm hazırkı ABŞ administrasiyasının, həm də Prezident Trampın danışıqlar yolu ilə Ukraynada sülhə nail olmaq səylərinə mane olmağa başlayıblar. Onlar özləri sülh danışıqlarından imtina ediblər və Prezident Trampa mane olurlar". 

Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib ki, Putinin hədəfi Odessadır, müharibə dayanmayacaq: "Putin bütün qışı döyüşməyə hazır olduğunu söylədi. O, dəniz limanlarını və naviqasiya azadlığını təhdid edir. Bu təhdidlər əsasən, Odessaya yönəlib. Rusiya başlatdığı qan tökülməsinə son qoymalıdır. Əgər bu baş verməsə və Putin yenidən dünyanın üzünə tüpürsə, nəticələr eyni olacaq. Rusiya bunu dayandırmalıdır". 

Siyasi şərhçi Elçin Alıoğlu Sherg.az-a deyib ki, beş saatlıq danışıqlardan sonra Kreml açıq mesaj verdi, texniki dəyişikliklər əsas xətti dəyişmir. Onun sözlərinə görə, Moskva öz prinsipial tələblərindən geri çəkilməyəcək: "Rusiyanın danışıqlarda üç "toxunulmaz" şərti var idi. Donbas üzərində tam nəzarət, Ukrayna ordusunun sayına məhdudiyyət və Qərbin işğal olunmuş əraziləri Rusiya kimi tanıması. Bu üç maddə sülhü məhv etdi, razılaşma imkanı belə qalmadı. Vladimir Putinin müşaviri Yuri Uşakov Putinin amerikalılarla söhbətini çox "yumşaq" ifadələrlə şərh etdi. Amerikalıların bəzi fikirləri Moskvaya uyğun gəlir, digərləri isə qıcıq yaradır, kompromis isə ümumiyyətlə yoxdur. Növbəti görüş planlaşdırılmır, iş davam edəcək, amma nəticə gözlənilmir. Bir versiyaya görə, sənəd o qədər dəyişdirilib ki, artıq Moskvaya tanış deyil. Floridada hazırlanmış variant Kiyev üçün daha sərfəli idi, bu isə Kremldə dərhal rədd reaksiyası doğurdu. Digər versiyaya görə, Kremlə sülh deyil, qələbə lazımdır. Moskva düşünür ki, vaxt onun tərəfindədir, Ukrayna tükənir, Avropa bölünüb, ABŞ-nin də səbir limiti dolur. Yəni Rusiya üçün "pauza" deyil, "nəticə" vacibdir. Kremlə təqdim olunan sənədlərdən biri Trampın əsas 27 bəndlik planı, digərləri isə əlavə dörd sənəd idi. Ehtimal ki, bu əlavələrdə keçid dövrü, təhlükəsizlik mexanizmləri, ordunun nəzarəti, aktivlərin dondurulması və Kiyevdə siyasi islahatlar məsələləri yer alırdı. Fakt budur ki, orada Rusiya üçün məqbul heç nə yox idi. Heç bir barışıq, atəşkəs, yaxud hərbi fasilə yoxdur. ABŞ nümayəndələri Vaşinqtona qayıtdı, Kreml isə "heç nə itirmədik" dedi. Əslində, bu o deməkdir ki, Moskva üçün prosesin özü faydalıdır. Rusiya Qərb birliyini parçalayır və Vaşinqtonu "yeganə oyunçu" kimi təqdim edir".

Analitikə görə, Tramp komandası inanırdı ki, Putin yorulub və sülh üçün pilləkən axtarır: "Amma Rusiya sülh deyil, qalibiyyət formulu axtarır. Kreml üçün sanksiyalar artıq fon səsidir, itkilər statistika, vaxt isə Qərbin düşmənidir. Moskva döyüşməyə daha uzunmüddətli hazırdır, nəinki Kiyev müqavimət göstərməyə, yaxud Avropa maliyyə yüklərinə dözməyə. Moskva oyunu uzun oynayır. Qələbə indi yox, psixoloji yorğunluqda qazanılır. Moskva geri çəkilsə məğlubdur, Kiyev güzəşt etsə dövlətini itirər. Buna görə “kompromis dili” artıq mövcud deyil. Atəşkəs Moskva üçün nəticəsiz fasilədir. Ona “pauza” yox, “nəticə” lazımdır. 2026-cı ildə müharibə dayanmayacaq, sadəcə forması dəyişəcək, diplomatik, informasiya, enerji və iqtisadi sahələrdə davam edəcək. Çünki tərəflərin məqsədləri ziddir".