- " Rusiya və Ermənistan arasındakı münasibətlər problemlərin həllini tapmasından ziyadə, daha da kəskinləşməyə doğru gedəcək"
Ermənistan Baş naziri Nikol Paşinyan Bişkekdən qayıtdıqdan sonra komandasının üzvlərinə xəbərdarlıq edib ki, heç kim Rusiya mövzusunda açıqlamalar vermək hüququnun olduğunu düşünməsin. “İravunk” nəşrinin yazdığına görə, hökumət başçısı komanda yoldaşlarına belə bir təlimat verib: “Kim nə vaxt nə danışacağını bilir. Sizin Rusiyanı mənasız şəkildə təhqir etməyinizin heç bir faydası yoxdur, öz işinizlə məşğul olun”. Xatırladaq ki, Ermənistan Baş naziri sentyabrın 1-də Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Siyasi ekspert Məhəmməd Əsədullazadə "Sherg.az"-a açıqlamasında Rusiya-Ermənistan münasibətlərindəki son dinamikanı və tərəflər arasındakı gərginliyi şərh edib.
Ekspertin sözlərinə görə, əsasən Moskvadan İrəvana qarşı təhqiredici bəyanatların verilir:
"Bu bəyanatların cavabı da Alen Simonyan tərəfindən verilirdi. Lakin Bişkekdə Nikol Paşinyanla Vladimir Putin arasında baş tutan görüşdən sonra tərəflərin ritorikasında müəyyən yumşalma müşahidə olunur. Hələlik buzlar ərimiş kimi görünsə də, biz növbəti dueli Moskvada görəcəyik.
Putin mövcud problemləri müzakirə etmək üçün Paşinyanı Moskvaya dəvət edib. Görünür, Paşinyan bu görüşə qədər komandasına Rusiya əleyhinə kəskin ritorikadan istifadə etməmək barədə tapşırıq verib".
M.Əsədullazadə vurğulayıb ki, Moskva İrəvanın real niyyətindən xəbərdardır:
"Rusiya yaxşı bilir ki, Paşinyan artıq Avrointeqrasiya xəttini seçib və bu siyasəti həyata keçirəcək. Onun yürütdüyü xətt müstəqil və Rusiyanın maraqlarına cavab verməyən xarakter daşıyır. Düşünürəm ki, Rusiya və Ermənistan arasındakı münasibətlər problemlərin həllini tapmasından ziyadə, daha da kəskinləşməyə doğru gedəcək".
Paşinyan hakimiyyətinin ehtiyatlı davranışına toxunan ekspert qeyd edib ki, İrəvan iqtisadi amilləri nəzərə almağa məcburdur: "Ermənistan rəhbərliyi çalışır ki, Rusiya ilə iqtisadi münasibətlər və əlaqələr zədələnməsin və bu əməkdaşlıq hələlik davam etsin. Məhz bu səbəbdən siyasi davranışlarda müvəqqəti olaraq ehtiyatlı davranmağa çalışırlar".