Ainur Nogayeva: TDT liderlərinin əl-ələ fotosunun çox sayda mesaj ehtiva edir

Qlobal siyasi arenada güc balanslarının yenidən formalaşdığı, geosiyasi xəritələrin yenidən cızıldığı tarixi bir dövrün şahidi oluruq. Belə bir vaxtda, çiyin-çiyinə dayanan Türk dövlətləri liderlərinin bu səmimi və qətiyyətli fotosu diqqət çəkib. Uzun əsrlər boyu coğrafi və siyasi amillər səbəbindən bir-birindən ayrı düşmüş qardaş xalqların yenidən eyni masa arxasında, eyni hədəf naminə birləşməsi, regionun və dünyanın gələcəyinə yön verən ən mühüm reallıqlardan biridir. Bu foto, Türk Dövlətləri Təşkilatının artıq sadəcə ortaq dil və mədəniyyət platforması deyil, həm də qlobal miqyasda çəkisi getdikcə artan strateji, iqtisadi və siyasi ittifaq olduğunu hər kəsə bəyan edir.

Ərzincan Binəli Yıldırım Universitetinin professoru Ainur Nogayeva Sherg.az-a bu tarixi fotonun arxasında gizlənən böyük strateji mesajlardan, TDT-nin dünyada yaratdığı yeni geosiyasi reallıqlardan danışıb:

"Qarşımızda çox gözlədiyimiz və bəyəndiyimiz bir şəkil var. Hər nə qədər burada Türkmənistan və özünü Attilanın nəslindən hesab edən macar liderləri olmasa da, bu gün ortada bir gerçək var: Türk Dövlətləri Təşkilatı gün keçdikcə ağırlıq qazanan qurumdur. O, dil və mədəniyyət birliyindən daha artıq, strateji və çoxşaxəli struktura çevrilmiş vəziyyətdədir. Hətta buna güc mərkəzi də deyə bilərik".

Professor TDT liderlərinin əl-ələ fotosunun çox sayda mesaj ehtiva etdiyini vurğulayıb:

"Bu şəkil iqtisadi və siyasi birliyi simvolizə edir. Ancaq tərkibində olmayan tək bir mesaj var: bu güc heç kimə qarşı deyil. Sadəcə zaman içində tarixi olaraq qoparılmış bağların yenidən bərpa olunması və türklərin başını qaldırıb öz gücünün fərqinə vardığını görürük. 

Ümid edirik ki, bu güc daha da artacaq. Bununla da cəmiyyətlərimizin, eləcə də dövlətlərimizin daha firavan və parlaq gələcəyi olacaq".