Starmer müdafiə büdcəsini rekord həddə artırmağa hazırlaşır

Böyük Britaniyanın Baş naziri Kir Starmer siyasi mövqeyini qorumaq məqsədilə müdafiə xərclərinin əlavə 18 milyard funt sterlinq artırılmasını təsdiqləməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, əlavə maliyyələşdirmənin gələn həftə təsdiqlənməsi gözlənilir. Böyük Britaniya Xəzinədarlığında isə bu xərclərin maliyyə baxımından ağır yük yaratdığı düşünülür.

“Kir Starmerin siyasi mövcudluq uğrunda mübarizə apardığı bir vaxtda müdafiə xərclərinin 18 milyard funt artırılmasını təsdiqləyəcəyi gözlənilir”, - deyə qəzet qeyd edib.

Məlumata görə, baş nazirin qərarına milli təhlükəsizlik üzrə müşavir Conatan Pauellin məktubu da təsir göstərib.

Pauell məktubunda dövlət xərclərinin əhəmiyyətli şəkildə artırılmayacağı təqdirdə Böyük Britaniyanın qlobal arenadakı mövqeyini qorumaqda çətinlik çəkəcəyini vurğulayıb.