"Maskat danışıqlarının əsas düyün nöqtəsi məhz gündəlik məsələsidir"
"ABŞ hesab edir ki, raket proqramı və regional təsir müzakirə edilmədən bağlanan nüvə razılaşması dayanıqsız olacaq"
Maskatda ABŞ və İran arasında keçirilən danışıqların birinci raundu tərəflərin mövqelərinin qarşılıqlı olaraq yoxlanıldığı mərhələ kimi qiymətləndirilir. İran yalnız nüvə məsələsini müzakirə etməyə hazır olduğunu bildirir, hərbi təhdidlərin və iqtisadi sanksiyaların dayandırılmasını tələb edir. ABŞ isə nüvə proqramı ilə yanaşı, İranın raket proqramı, regional təsiri və digər təhlükəsizlik məsələlərini də gündəmə gətirmək istəyir. Bu baxımdan, danışıqlar həm diplomatik dialoqun, həm də tərəflərin güc nümayişinin eyni vaxtda davam etdiyi proses kimi xarakterizə olunur.
İraqın Respublikaçı Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi tarix üzrə tədqiqatçı və İraq-Azərbaycan Dostluq Assosiyasına məxsus “Əs-Sədəqa” qəzetinin jurnalisti Dr. Mötəz Mühi Əbdülhəmid mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-Maskatda keçirilən ABŞ-İran danışıqlarının birinci raundunu necə qiymətləndirirsiniz?
-Maskatda keçirilən danışıqların birinci raundunun başa çatmasından bir neçə saat sonra ABŞ-İran arasında gərgin münasibətlər yenidən sınaq mərhələsinə daxil oldu. Qarşılıqlı hərbi və iqtisadi hazırlıqlar, eləcə də təzyiqlər regionu açıq qarşıdurma həddinə yaxınlaşdırır. Tehran danışıqları “yaxşı başlanğıc” kimi dəyərləndirsə də, Vaşinqton bu prosesi oyun qaydalarını yenidən müəyyənləşdirmək üçün fürsət kimi görür.
-İranın xarici işlər naziri Abbas Əraqçinin mövqeyi nədən ibarətdir?
-Minimum etimadın yoxlanıldığı bir raunddan sonra İranın xarici işlər naziri Abbas Əraqçi bir sıra mövqelər səsləndirdi. O, real irəliləyiş üçün hərbi təhdidlərin və iqtisadi təzyiqlərin dayandırılmasını tələb etdi. Bu mövqe, Tehranın danışıqlar gündəmini dar çərçivədə saxlamaq, özünün çəkindirmə sisteminin əsaslarını hədəfə alan mövzuların gündəmə gətirilməsinin qarşısını almaq cəhdidir.
-ABŞ administrasiyasının yanaşması bundan nə ilə fərqlənir?
-ABŞ Prezidenti Donald Trampın administrasiyası daha genişmiqyaslı razılaşmaya çalışır. Bu razılaşma təkcə İranın nüvə proqramını deyil, həm də ballistik raket proqramını və bu raketlərin mənzilini, Tehranın regiondakı silahlı qruplaşmalara verdiyi dəstəyi, eləcə də insan haqları və daxili repressiyalarla bağlı məsələləri əhatə etməlidir.
Vaşinqtonun bu addımları “maksimum təzyiq” strategiyasının tərkib hissəsidir. Strategiya çərçivəsində İranla ticarət edən ölkələrə qarşı 25 faiz gömrük rüsumunun tətbiqi qərarı qəbul edilib. Məqsəd enerji, mədən və neft-kimya sektorlarında İranın maliyyə mənbələrini boğmaqdır.
-Rəsmi Vaşinqtonun bu təzyiqləri göstərməkdə məqsədi nədir?
-Diplomatik mənbələrin qiymətləndirməsinə görə, ABŞ-nin artan təzyiqlərə qarşı əsas hədəfi nüvə razılaşmasını regionun güc balansını yenidən formalaşdıran geniş platformaya çevirməkdir. Bu yanaşma İranın regional təsirinin zəiflədilməsini hədəfləyən İsrail baxışı ilə də uzlaşır.
Buna qarşılıq olaraq Tehran “qırmızı xətlərinə” ciddi şəkildə sadiq qalır. İran rəsmiləri əvvəldən bəyan ediblər ki, nüvə məsələsindən kənar hər hansı mövzu müzakirə edilə bilməz. Abbas Əraqçi açıq şəkildə bildirib ki, "Təhdidlərdən və təzyiqlərdən imtina dialoqun şərtidir”. Onun sözlərinə görə, Tehran yalnız nüvə məsələsini müzakirə edəcək və Vaşinqtonla başqa heç bir mövzu ətrafında danışıqlara getməyəcək.
İran mənbələri bildirir ki, Tehran uranın zənginləşdirilməsi hüququnun tanınmasında israrlıdır. Bununla yanaşı, zənginləşdirmə səviyyəsi və saflığı, yaxud alternativ mexanizmlər-məsələn, nüvə yanacağının idarəsi üçün regional ittifaqın yaradılması müzakirə oluna bilər. Nüvə ehtiyatlarının ABŞ-nin birbaşa nəzarətinə verilməsi ideyası isə tamamilə rədd edilir. Bununla belə, ehtiyatların bir hissəsinin Rusiyaya köçürülməsi kompromis variant kimi nəzərdən keçirilir.
-Tehran tam olaraq nə istəyir?
-İranın baxışı texniki nüvə razılaşmasından daha genişdir. Tehran bir neçə əsas məqsəd güdür. O, iqtisadi sanksiyaların, xüsusilə bank və neft sanksiyalarının dərhal və effektiv şəkildə ləğvini istəyir. Həmçinin ABŞ hərbi qüvvələrinin İranın coğrafi ətrafından uzaqlaşdırılması və bununla hərbi təzyiqin azaldılmasında maraqlıdır. İranın əsas məqsədlərindən biri də regional müttəfiqlər şəbəkəsinin (“qolların”) qorunmasıdır. Çünki Tehran onları mümkün hücumlara qarşı ön müdafiə xətti hesab edir.
-Bu mövqelər tərəflər arasında hansı mənzərə yaradır?
-Açıq şəkildə desək, ciddi uçurum yaranır. Bu hədəflər İranın regional təsirini möhkəmləndirmək və bunun müqabilində böyük nüvə güzəştlərinə getməmək strategiyasını əks etdirir. Tehran hesab edir ki, mövcud hərbi və texnoloji imkanları fonunda belə güzəştlər həddindən artıq olardı. Bu mövqe tərəflər arasındakı uçurumu dərinləşdirir. Hərçənd ki, dialoq hələlik davam edir.
Maskat danışıqlarının əsas düyün nöqtəsi məhz gündəlik məsələsidir. ABŞ hesab edir ki, raket proqramı və regional təsir müzakirə edilmədən bağlanan nüvə razılaşması dayanıqsız olacaq. İran isə bu mövzuların danışıqlara daxil edilməsini regional davranışına qarşı “siyasi məhkəmə” kimi qiymətləndirir.
Bu mənada danışıqları elan edilməmiş müharibə adlandırmaq olar.
-Siz danışıqları “elan edilməmiş müharibə” adlandırırsınız. Niyə?
-Çünki hər iki tərəf paralel olaraq güc nümayiş etdirir. Vaşinqton və Təl-Əviv Tehranın müttəfiqləri ilə əlaqəsini zəiflətməyə çalışır. İsrail üçün isə əsas prioritet ballistik raketlər məsələsidir. Məhz buna görə danışıqlarda hər bir mövzu üzrə konkret vaxt qrafikinin müəyyənləşdirilməsində israr olunur.
-ABŞ danışıqlar üçün hansı zaman qrafikini nəzərdə tutur?
-Amerikalıların baxışına görə, nüvə dosyesi cəmi iki iclasda bağlana bilər. Birinci mərhələdə tələblər və təkliflər müzakirə olunacaq, ikinci mərhələdə isə qərar veriləcək. Bu isə o deməkdir ki, yaxın günlərdə Maskatda cümə günü müzakirə olunan mövzulara cavablar açıqlanacaq. Əks halda vəziyyət fərqli istiqamətdə inkişaf edə bilər.
Danışıqlara baxmayaraq, Tehran mümkün hücumlara qarşı hərbi hazırlıq görüb. İran yeni sanksiyaların, hətta məhdud hərbi zərbələrin ehtimalını nəzərə alır. Bu çərçivədə ölkə “Xorrəmşəhr-4” adlı uzaqmənzilli ballistik raketi ən inkişaf etmiş raketlərdən biri kimi təqdim edib, silahlı qüvvələrin, xüsusilə hava və sərhəd bölmələrinin döyüş hazırlığını maksimum səviyyəyə qaldırıb.
-Sizcə, yaxın perspektivdə hansı ssenari daha realdır?
-Mənim fikrimcə, yaxın günlərdə yüksək səviyyəli zənginləşdirmənin dondurulmasını və əvəzində sanksiyaların qismən yumşaldılmasını nəzərdə tutan müvəqqəti razılaşma mümkündür. Lakin regional güclərin arzuladığı genişmiqyaslı “böyük saziş” ssenarisi real görünmür.
-Son olaraq, Maskat danışıqlarını necə xarakterizə edərdiniz?
-Maskat danışıqları “son şans” diplomatiyasıdır. Bir tərəfdən rəsmi açıqlamalarda ehtiyatlı nikbinlik ifadə olunur, digər tərəfdən isə güc dili arxa planda qalmaqda davam edir. Amerika hərbi gəmiləri dənizlərdədir, İran raketlərini çəkindirmə mesajı kimi nümayiş etdirir.
Əsas suallar isə açıq qalır: “Razılaşma olmazsa, pis şeylər baş verə bilər” deyə xəbərdarlıq edən Tramp yalnız nüvə sahəsində məhdud qələbə ilə kifayətlənəcəkmi? Yoxsa o, İranın qırmızı xətləri ilə toqquşan genişmiqyaslı razılaşmanı zorla qəbul etdirməyəmi çalışacaq? Bu iki ssenari arasında bütün region ya nəzarət altında sabitliyə, ya da partlayış həddinə doğru hərəkət edir.