Əziz Əlibəyli: “Erməni Apostol Kilsəsi Paşinyanın islahatlarına qarşı həlledici gücə malikdir”
Artıq bir neçə gündür Ermənistan Baş naziri Nikol Paşinyan komanda yoldaşlarına katolikos II Qaregini müvəqqəti əvəzləyəcək şəxsin tapılması məsələsini (vikar) daha fəal iştirak etməyi tapşırıb. Bu barədə "Joqovurd" qəzeti məlumat yayıb. Nəşrin bildirdiyinə görə, Paşinyan Kilsə və ruhanilər arasında real islahatlara ehtiyac olduğunu vurğulayıb: "Gələcəkdə bu istiqamətdə keçmiş prezidentləri dəstəkləyən qanadlar zərərsizləşdiriləcək. Nikol Paşinyan katolikosun Robert Koçaryan həbs edildikdə onu müdafiə edən açıqlamasını bağışlamır. Həmçinin Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın siyasi hərəkat yaratması və ona rəhbərlik etməsinə icazə verdiyinə görə katolikosu bağışlamayacaq. Yaxın gələcəkdə kilsə və ruhanilərə qarşı daha da güclü repressiyalar olacaq".
Siyasi şərhçi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Erməni Apostol Kilsəsi Ermənistan cəmiyyətində yüksək nüfuza malikdir. Ekspertin sözlərinə görə, lakin Kilsənin gücü Baş nazir Nikol Paşinyanın məqsədlərinə görə əndazəni aşıb: "Nikol Paşinyan da islahat gündəliyini təqdim edərək Kilsənin gücünü və leqallığını şübhə altına alır. Bu mübarizənin nəticəsi qeyri-müəyyən olaraq qalır. Açığı, Rusiyanın rolu necə olacaq, erməni ictimai rəyi necə davranacaq, bunlar çox maraqlıdır. Ermənistanın 2022-ci il statistikasına görə, əhalinin 95,4 faizi Erməni Apostol Kilsəsinə inandığını ifadə edib. Siyasi gərginliyə baxmayaraq, son sorğular göstərir ki, Kilsə əsasən 58 faizdən 71 faizə qədər ictimai etimada malikdir. Deməli, Kilsə böyük bir gücdür. Bəs, Nikolun islahatlarına nələr daxildir? 2025-ci ilin dekabr ayında Baş nazir Paşinyan Katolikos II Qareginin vəzifədən uzaqlaşdırılması çağırışından sonra Kilsənin "yenilənməsi üçün yol xəritəsi"ni açıqladı. Bunlar müvəqqəti kilsə rəhbəri seçmək, ruhani etikası və davranış standartları, maliyyə şəffaflığı və vergi uyğunluğu, Kilsənin siyasi neytrallığı, ruhanilər üçün sosial müdafiə və sairdir".
Ə.Əlibəyli qeyd edib ki, Erməni Apostol Kilsəsinin həm tarixən, həm də ortaq pravoslav xristian ənənələri vasitəsilə Rusiya ilə uzunmüddətli əlaqələri var: "Ermənistan cəmiyyəti çox dərin nifrətlə bölünüb. Çoxları Paşinyanın dünyəvi islahatlarını dəstəkləsə də, digərləri Kilsəni, xüsusən də Qarabağ münaqişəsinin travmasından sonra milli kimliyin sütunu kimi görürlər. Kilsənin erməni mədəniyyətinin və tarixinin qorunmasındakı simvolik rolu onu dini qurumdan daha çox məbədə çevirir. Vətəndaş cəmiyyəti qrupları və gənclər hərəkatları getdikcə daha çox səs-küy salır. Bəziləri islahatları dəstəkləyir, digərləri isə Kilsənin muxtariyyətini müdafiə edirlər. Paşinyan dövlət aparatına nəzarət edir və beynəlxalq dəstəyə malikdir, lakin Kilsə dərin kök salmış nüfuza malikdir. Münaqişə Ermənistanın kimliyi uğrunda daha geniş mübarizəyə çevrilir. Bu durumda Rusiyanın rolu həlledici ola bilər. Əgər Moskva Kilsəni strateji bir qol kimi görürsə, xüsusən də regional qeyri-sabitlik fonunda hökumət əleyhinə qruplara dəstəyi gücləndirə bilər".