Köçəryan və Sarkisyan arasında savaş dərinləşir
Ermənistan müxalifəti siyasi gündəmdə qalmaq uğrunda mübarizə aparır
Ermənistanda baş nazir Nikol Paşinyanın impiçment olunması məsələsi yenidən siyasi gündəmə daşınıb. Lakin siyasi ekspertlər hesab edir ki, bu təşəbbüs nə hüquqi, nə də siyasi baxımdan real nəticə doğura bilər.
Qeyd edək ki, Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komitəsində müxalif “Şərəfim var” fraksiyasının “Milli böhran və idarəetmənin uğursuzluğu haqqında” bəyanat layihəsi müzakirə edilib.
Məsələ həm də Baş nazir Nikol Paşinyanın impiçmenti ilə əlaqəlidir.
Həmin layihəyə görə, “ölkədə fövqəladə vəziyyətin yeganə konstitusion həlli” Milli Məclisin baş nazirə etimadsızlıq ifadə etməsi prosesidir.
Fraksiyanın rəhbəri Hayk Mamicanyan bildirib ki, ictimai təzyiq nəticəsində birliyin olmamasının və Nikol Paşinyanın Ermənistan Respublikasının baş naziri olaraq qalmasının hansı problemlərə səbəb olduğunu başa düşürsünüz, bu prosesi uğurla başa vuracağıq.
Həmçinin o qeyd edib ki, bu, impiçment prosesi deyil, bəyanatın mətnidir.
Xatırladaq ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı var. “Ermənistan” fraksiyası isə parlamentdə 28 yeri tutur. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır.
Siyasi ekspert Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, impiçment prosesi texniki baxımdan mümkün görünmür və müxalifətin bu istiqamətdə atdığı addımlar daha çox siyasi rəmz xarakteri daşıyır:
“Ermənistan qanunvericiliyinə əsasən, baş nazirin impiçment proseduru iki mərhələdə həyata keçirilir. İlk olaraq, təşəbbüsün parlamentdə müzakirəyə çıxarılması üçün ən azı 36 deputatın imzası toplanmalıdır. Növbəti mərhələdə isə impiçmentin qəbul edilməsi üçün minimum 50 səsin lehinə olması tələb olunur. Bu isə hazırkı parlament nisbətində demək olar ki, mümkünsüzdür.
Müxalif fraksiyalar bu qədər mandat sahibinə malik deyil. Parlamentdə üstünlük açıq şəkildə hakim “Vətəndaş Müqaviləsi” partiyasının əlindədir. Paşinyanın komandası isə monolit və intizamlı strukturdan ibarətdir. Partiya daxilində fikir ayrılığı, narazılıq və ya Paşinyana qarşı açıq çıxış edən deputat müşahidə olunmayıb. Bu səbəbdən, impiçment təşəbbüsünün parlament müstəvisində uğur qazanması praktiki olaraq real görünmür.
Lakin müxalifət bu təşəbbüsü dayandırmaq niyyətində deyil".
Ekspertin fikrincə, bu məsələni daim gündəmdə saxlamaq ictimai rəyin formalaşdırılması baxımından önəmli sayılır:
“Müxalif qüvvələr real nəticədən çox, siyasi mesaj verməyə çalışır: Paşinyanın hakimiyyətinə qarşı narazılığın olduğunu göstərmək və cəmiyyətdə onun legitimliyini sarsıtmaq.
Bununla belə, Ermənistan müxalifəti daxilindəki bölünmə bu cəhdlərin effektivliyini xeyli azaldır. Keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryan arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Əsas narazılıq müxalifətin birləşmiş fraksiyasına kimin liderlik etməsi ilə bağlıdır. Sarkisyan tərəfi hesab edir ki, parlament mexanizmləri və hüquqi yollarla hakimiyyətə təzyiq göstərmək daha məqsədəuyğundur. Köçəryanın komandası isə bu yolu “boş zaman itkisi” sayır və küçə mitinqləri, kütləvi etirazlar vasitəsilə təzyiqin artırılmasını təklif edir. Bu fikir ayrılığı müxalifət daxilində vahid strategiyanın formalaşmasına mane olur. İdeoloji baxımdan da parçalanmış olan bu qüvvələr Paşinyana qarşı real alternativ təqdim edə bilmir. Halbuki, Ermənistan siyasətində uğurlu dəyişiklik yalnız güclü, koordinasiyalı və sosial dəstək qazanan bir müxalifətin formalaşması ilə mümkündür. Digər tərəfdən, Paşinyan və onun komandası daxili siyasi sabitliyi qorumağı bacarır. Parlamentdə çoxluğa sahib olan “Vətəndaş Müqaviləsi” fraksiyası vahid komanda kimi çıxış edir. Paşinyanın populist ritorikası və Qərblə yaxınlaşma siyasəti də hələlik onun reytinqinin tam çökməsinə imkan vermir”.
A. Nərimanlı qeyd edib ki, Paşinyanın impiçmenti istiqamətində müxalif fraksiyaların atdığı addımlar, əslində, siyasi təbliğat və informasiya savaşı elementidir: "Onlar parlamentdə məğlub olsalar belə, ictimai fikirdə “hakimiyyətə qarşı mübarizə aparan qüvvə” obrazını qorumağa çalışırlar. Daha doğrusu müxalifətin siyasi gündəmdə qalmaq üçün istifadə etdiyi simvolik vasitə kimi qalır".