Prezident Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib
15:59 13.03.2024
Siyasət
303
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.
APA xəbər verir ki, Vu Honqbo İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, Çin Prezidenti Si Cinpinin bu münasibətlə dövlətimizin başçısına təbrik məktubu göndərdiyini xatırladı və Çin Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin COP29-un Azərbaycanda keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə və Çin Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Qonaq Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə çox ciddi nailiyyətlər əldə etdiyini vurğuladı.
Vu Honqbo qeyd etdi ki, 2022-ci ildə Azərbaycan və Çin prezidentləri arasında Səmərqənddə keçirilmiş görüş əlaqələrimizin inkişafına böyük təkan verib və bundan sonra münasibətlərimizdə yeni nailiyyətlər əldə edilib. Qonaq bu gün Azərbaycan-Çin münasibətlərinin tarixdə ən yüksək səviyyədə olduğunu vurğuladı.
Dövlətimizin başçısı Çin Prezidenti ilə Səmərqənddə keçirilmiş görüşü məmnunluqla xatırladı və həmin görüş əsnasında müzakirə olunan məsələlərin irəli aparılması istiqamətində hər iki tərəfin ciddi səylər göstərdiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğuladı.
Dövlətimizin başçısı COP çərçivəsində də ölkəmizin Çin ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi, Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu dedi. Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirdi.
Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini və Tayvanın müstəqilliyini tanımadığını, orada keçirilən seçkiləri qəti şəkildə pislədiyini vurğuladı.
Vu Honqbo Azərbaycan ilə Çin arasında əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu dedi. Qonaq “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığını və Orta Dəhlizin ölkəsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Orta Dəhlizin mühüm strateji əhəmiyyətə malik olduğunu və Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini qeyd etdi, Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə müəssisə yaratdığını bildirdi. Bu xüsusda ölkəmizin Çinlə də əməkdaşlığa hazır olduğunu qeyd edərək, Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı Çindən olan yük qatarının Bakıda qəbul edilməsinin mühüm məqam olduğunu vurğuladı və bunu Orta Dəhlizin nəqliyyat potensialının nümayişi kimi qiymətləndirdi.
Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XI Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı, bu çərçivədə də mühüm müzakirələrin aparılacağını qeyd etdi.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Çinin qarşılıqlı dəstəyi və bu xüsusda əməkdaşlıq, həmçinin ölkələrimiz arasında mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirildi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol