- Hikmət Babaoğlu: “Azərbaycan müsəlman ölkələrinin də qalib gələ biləcəyini göstərdi”
- “Tarixi Zəfərimiz müsəlman Şərqi üçün mühüm nümunə yaratdı”
Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının keçirilməsi Türk dünyası, Qafqaz və İslam aləmi arasında mənəvi bağların və həmrəyliyin gücləndirilməsi baxımından mühüm hadisədir.
Konfrans çərçivəsində dini-mənəvi dəyərlərin qorunması,Türk dünyası dövlətləri arasında dini və mədəni əlaqələrin daha da gücləndirilməsi, eləcə də müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif ölkələrdən dini liderlərin bir araya gəldiyi tədbirdə sülh, həmrəylik və əməkdaşlıq mesajları ön plana çıxıb. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türk və İslam dünyası arasında birləşdirici rolunu vurğulayıb və müsəlman ölkələrinin vahid ailə kimi bir araya gəlməsinin vacibliyini diqqətə çatdırıb.
Prezident həmçinin çıxışında Azərbaycanın Türk dünyası, Qafqaz və İslam aləmi arasında birləşdirici rolunu vurğulayıb. İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyini qeyd edərək, gələn il Bakıda keçiriləcək İƏT Zirvə Görüşündən gözləntilərini açıqlayıb: “Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik".
Çıxışın əsas hissəsində Qarabağın 30 illik işğalı, Xocalı soyqırımı, dağıdılmış məscid və yaşayış məntəqələri, beynəlxalq təşkilatların və bəzi dövlətlərin ikili standartları xatırladılıb: “Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınıb. Bildiyiniz kimi, 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı.Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi”.
Prezident Azərbaycanın Zəfərlə ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, separatçı və hərbi cinayətkarların cəzalandırıldığını bildirib. Eyni zamanda, Böyük Qayıdış və Qarabağın dirçəlişi, bölgədə artıq 48 şəhər və kənddə həyatın bərpa olunması diqqətə çatdırılıb. İlham Əliyev Azərbaycan-Ermənistan arasında sülh prosesinin davam etdiyini, lakin keçmişdə törədilən cinayətlərin və dağıntıların unudulmayacağını vurğulayıb: “Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu Sherg.az-a bildirib ki, Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində müsəlman ölkələrinin ali dini rəhbərlərinin toplantısından sonra Azərbaycan Prezidenti dini liderləri qəbul edib. Prezident qəbul zamanı çıxışında İslam dininə qarşı münasibət, onun nüfuzdan salınmasına yönələn islamofob fəaliyyətlər və İslam həmrəyliyinin parçalanmasına hesablanan cəhdlər barədə fikirlərini bölüşüb. Dövlət başçısı bu kontekstdə Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində ardıcıl və praktiki addımlar atdığını, əlindən gələni etdiyini vurğulayıb:
“Doğrudan da, diqqət yetirsək görərik ki, Azərbaycan ilk növbədə onilliklər boyu müharibələrə cəlb olunan müsəlman Şərqi və postsovet məkanında işğaldan əziyyət çəkən xalqlar üçün öz tarixi Zəfəri ilə mühüm bir nümunə yaradıb. Azərbaycan müsəlman ölkələrinin də qalib gələ biləcəyini göstərən örnək ortaya qoyub. Eyni zamanda, İslam mədəniyyətinin digər dini mədəniyyətlərə münasibətdə nə qədər tolerant olduğunu bütün dünyaya nümayiş etdirib. Ona görə də düşünürəm ki, Azərbaycan və Prezidentin səsləndirdiyi bu mesajlar həm İslam dünyasının, müsəlman aləminin həmrəyliyinə yönəlmiş çağırış, həm də milli-mənəvi dəyərlərimizi gözdən salmağa və cəmiyyətlər arasında qarşıdurma yaratmağa çalışan qüvvələrə verilən mühüm mesaj idi. Azərbaycan Prezidenti çıxışında ölkəmizi həm türk-müsəlman dünyasının mühüm hissəsi və bu mədəniyyətin daşıyıcısı, həm də Qafqaz müsəlmanlarının təmsil olunduğu və regionda mühüm söz sahibi olan dövlət kimi təqdim etdi. Düşünürəm ki, bu yanaşma Azərbaycanın tarixdən bu günə qədər formalaşan siyasi, mədəni və mənəvi rolunun müasir reallıqlarla vəhdətini göstərir”.