Qulu Məhərrəmli: Hakimiyyət "Bay, bay Kamalı" yenidən qaytarmaq üçün hərəkətə keçib

"Bir az əvvəl Ankarada çevik polis qüvvələri zor tətbiq edərək Cümhuriyyət Halk Partiyasının (CHP) binasına girib. Binadakı partiya üzvlərinə qarşı gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edilib". 

Bunu "Sherg.az"a tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli söyləyib.

O qeyd edib ki, əqsəd tarixin arxivinə atılmış keçmiş partiya sədri Kamal Kılıcdaroğlunu yenidən taxta çıxarmaqdır:

"Prezident Ərdoğanın ötən seçkilərdə "Bay, bay Kamal" deyib ələ saldığı K.Kılıçdaroğlu indi hakimiyyət üçün xeyli şirinləşib. Sonuncu bələdiyyə seçkilərində CHP-nin indiki rəhbərliklə qalibiyyəti də bu "şirinləşmə"ni xeyli artırıb. "Bay, bay Kamalı" yenidən siyasətə qaytarmaq üçün hakimiyyətin güc qolları (məhkəmə, polis, prokurorluq) eyni anda hərəkətə keçib. Təbii ki, "məhkəmə qərarı, polis hücumu və Kamal olayı"nın əsas məqsədi CHP-ni parçalamaq, zəiflətmək və onu təxminən MHP kimi əlaltı partiyaya çevirməkdir. Alınacaqmı? Alınsa da, alınmasa da çoxları CHP ətrafında baş verən hadisələri həyasızlıq və qanunsuzluq kimi qiymətləndirir. Bunları zəifləməkdə olan Türkiyə demokratiyasına basqı, hüquq sisteminə, dövlət institutlarına və xalqın iradəsinə qarşı zərbə hesab edirlər".