Ekspert: “Köhnə təxribat ritorikası sülh prosesini yavaşladır, məsuliyyət tədbirləri labüddür”
Ötən gün ehtiyatda olan leytenant-polkovnik Naira Gevorkyan Azərbaycan Silahlı Qüvvələrinin guya Mehri istiqamətində uğursuz hücum həyata keçirdiyini, Ermənistan bölmələrinin isə atəş açmamaq əmri aldığını bildirmişdi. Ermənistan Müdafiə Nazirliyi bunu təkzib edib və keçmiş hərbçinin "Mehridə Azərbaycan təxribatı" başlıqlı iddiasını İrəvana qarşı növbəti informasiya hücumu adlandırıb: "Yumşaq desək, şərəfsiz xidməti ilə fərqlənən bir şəxsin açıqlaması təkcə dezinformasiya deyil, həm də Ermənistana və onun silahlı qüvvələrinə hücum etmək üçün növbəti uğursuz cəhddir". Nazirlik bu cür şayiələri hibrid təhdidlər kimi qiymətləndirib və hüquq-mühafizə orqanlarından reaksiya gözlədiyini vurğulayıb.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, uzun müddətdir Azərbaycan və Ermənistan arasında sülh prosesi səmərəli şəkildə irəliləyir. Ekspert vurğulayıb ki, sülhün rəsmiləşməsinə qədər xeyli iş görülüb və müəyyən mərhələ aşılıb:
"Dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin üzvləri də görüşür, fikir mübadiləsi aparırlar. Müharibə və münaqişə dövrünün ritorikasını dəyişməklə bağlı erməni tərəfi özü məsuliyyət daşımalıdır. Əgər sülh onlar üçün vacibdirsə, artıq əvvəlki təxribatlara yol verməməlidirlər. Bilməlidirlər ki, belə məsələlər sülhü ləngitməklə paralel həm də etibarsız edə bilər. Əsasən, Rusiyaya bağlı olan və sabiq prezidentlərin komandasına daxil olan qruplar var ki, hələ də təxribat cəhdləri edirlər, dezinformasiya yayırlar. Paşinyan hökumətinin əvvəlki ritorikası da bu ənənə ilə davam edirdi. Lakin müharibədən sonrakı reallıq və hazırkı sülh prosesi artıq bu ritorikadan və təxribat xarakterli addımlardan yan keçməyi labüdləşdirdi. Guya Mehridə ordumuzun hansısa əməliyyat keçirməsi ilə bağlı ehtiyatda olan polkovnik-leytenant Naira Gevorkyanın yaydığı dezinformasiyanın Ermənistan hakimiyyəti tərəfindən dərhal təkzib olunması göstərir ki, İrəvan artıq öz məsuliyyətini dərk etməyə başlayır".
T.İrfanın fikrincə, Ermənistanda anlayırlar ki, yalan, dezinformasiya, şantaj ritorikası effekt vermir:
"Bir müddət sonra bütün bu saxtakarlıqlar məhz özlərinin əleyhinə çevrilir. Belə hallarda Ermənistanın rəsmi qurumları yalan xəbər yayanlara qarşı məsuliyyət tədbiri görməlidirlər. Çünki əhalini təşvişə salan, düşmənçilik toxumu səpən, təxribata cəhd edən qüvvələrin dəf edilməsi sülhün və sabitliyin bərpası üçün vacib amillərdir. Köhnə adətlərini tərgitmək üçün ermənilərə müəyyən vaxt lazım olacaq. Bunun üçün hökumətin sərt tədbirlər görməsi zəruridir. Sülh prosesinə zərbə vurmağa çalışan, buna cəhd edən şəxslər, yaxud qruplar haqqında hüquqi tədbirlər planı olmalıdır. Çünki uzun illər Azərbaycana qarşı mənfi təbliğat aparılıb, nifrət aşılanıb və barışmazlıq təbliğ olunub. Belə halların aradan qaldırılması üçün erməni tərəfinin müvafiq komitə yaradaraq ciddi iş aparmasına ehtiyac var".