Tehran yaxşı anlayır: “Azərbaycana təzyiq İranı da qarışdırar...”

Cəbhəyə ordu yığmaqla Azərbaycana hədə-qorxu gəlməyə çalışan İran istədiyinə nail ola bilmədi. İndi isə Cənubda yaşayan bəzi azərbaycanlılar arasında sorğu keçirərək, nifaq salmağa, Azərbaycana qarşı "nifrət" oyatmağa çalışırlar.

Sözügedən sorğu ilə bağlı video sosial şəbəkələrdə yayılıb. Soydaşlarımızın Azərbaycanla bağlı fikirlərində ölkəmizə və cəmiyyətimizə qarşı xoş münasibətin olmadığı açıq-aşkar bəllidir.

Baş verənləri “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Rusif Məmmədsoyun sözlərinə görə, əslində bütün bunlar elə də ciddi mövzu deyil. Çünki daha öncə Gorus-Qafan yolunun bağlanma səbəbi İran TIR-larının saxlanması olub. Məhz həmin TIR-ların sürücüləri də güneyli qardaşlarımız idi:

“Ancaq biz bu təxribatlara uymadıq və həmin an başa düşdük ki, baş verənlər İran tərəfinin ssenarisidir. Onlar TIR sürücülərinin məhz güneyli şəxs olmalarını bilə-bilə seçmişdilər. Güneylilər birmənalı şəkildə Azərbaycanın bir parçasıdır və hər zaman da belə olacaq. İran isə bundan çox narahatdır. Çünki yaxşı anlayırlar ki, Azərbaycana qarşı hər hansı bir təzyiq İranı da təmiz qarışdırar, onların məhvini sürətləndirər”.

R.Məmmədsoy qeyd edib ki, İran hazırda yalnız Azərbaycan və Türkiyə ilə mübarizə aparmır:

“Məsələn, dünən “The Washington Post” nəşrində yayılan məlumata görə, İran bir ay ərzində nüvə silahına yiyələnəcək. Bu, çox ciddi mesajdır. Yəni artıq regionda yalnız Türkiyə və Azərbaycanı yox, bütün dünyanı qarşısına almış olacaqlar. Ona görə onların atdıqları addımları refleks kimi qiymətləndirmək lazımdır və bu, onlara uğur gətirməyəcək.

İkinci Qarabağ savaşı zamanı İran Ermənistana hərbi yardım göndərdikdə orada yaşayan azərbaycanlılar ayağa qalxdılar. Onlar birmənalı şəkildə ölkəmizə dəstəklərini ifadə etdilər və söylədiklər ki, “narahatlığa əsas yoxdur, bütün bunların qarşısını alacağıq”. Aldılar da. Təbii ki, hərbi yardım müxtəlif yollarla davam etdi, amma istənilən halda əsas yolu bağladılar. İndi də İranın atmaq istədiyi addımların başında məhz bu amil durur ki, orada yaşayan azərbaycanlılar baş qaldırmasın. Lakin Azərbaycana qarşı istənilən təhdid zamanı həmin şəxslər yenə meydanda olacaq və İranın siyasətinə qarşı çıxacaqlar. Rəsmi Tehran bunu çox gözəl başa düşür”.