Tramp Zelenskini aşağılamaqdan həzz alır - ANATİK

Müharibə gedən və əraziləri işğal olunan ölkənin dövlət başçısının ona təqdim olunan sülh planını oxumaması qeyri-mümkündür

 Prezident V.Zelenski hələ də ABŞ-nin Ukrayna ilə bağlı sülh planını oxumayıb. Bu iddianı ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə və Ukrayna rəhbəri Zelenski də daxil olmaqla, Ukrayna liderləri ilə danışıb: "Deməliyəm ki, prezident Zelenskinin sülh təklifini hələ oxumadığına görə bir az məyus oldum. Onun xalqı bu planı bəyənir, amma o, bəyənmir. Rusiya, məncə, bütün ölkəyə sahib olmağa üstünlük verər. Amma inanıram ki, Rusiya sülh planından məmnundur. Lakin Zelenskinin bundan məmnun olduğuna əmin deyiləm". 

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, danışıqlar ərazi məsələsinə görə dalana dirənib. Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna arasında fərqli baxışlar var və Donbasla bağlı vahid yanaşma yoxdur: "ABŞ-nin sülh təşəbbüsü üzrə danışıqların iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər". Zelenski qeyd edib ki, ABŞ-nin planının bəzi elementləri bir sıra "həssas məsələlər", o cümlədən müharibədən əziyyət çəkən ölkə üçün təhlükəsizlik təminatları və şərq bölgələrinə nəzarət kimi məsələlər üzrə əlavə müzakirə tələb edir. O əlavə edib ki, Kiyev Qərb müttəfiqləri, ilk növbədə ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə ayrıca saziş bağlamaqda israrlıdır. 

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, deyəsən, Donald Tramp hər dəfə V.Zelenskini aşağılamaqdan həzz alır. Ekspertin sözlərinə görə, müharibə gedən və əraziləri işğal olunan ölkənin dövlət başçısının ona təqdim olunan sülh planını oxumaması qeyri-mümkündür: "Əgər həmin planı müharibəyə dəxli olmayan siyasətçilər və ekspertlər az qala lupa ilə oxuyublarsa, necə ola bilər ki, Zelenski ölkəsinin və bəlkə də özünün siyasi taleyini həll edə biləcək planı oxumasın?! Trampın digər iddiasına görə, guya Zelenkisinin komandası sülh planından məmnun qalıb, Ukrayna prezidenti isə məmnun qalmayıb. Bu cümlədə də iki ziddiyyətli məqam var. Birincisi, Tramp bir tərəfdən deyir ki, Zelenski planı oxumayıb, o biri tərəfdən də vurğlayır ki, Ukrayna prezidenti plandan məmnun qalmayıb. Deməli, Zelenski planı oxuyub ki, sənəddən məmnun qalmayıb. İkincisi, Zelenski ilə yanaşı onun komanda üzvləri də Vaşinqtonun planından məmnun deyillər. Təsadüfi deyil ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Sky News" kanalına müsahibəsində Ukraynanın hər hansı ərazi güzəştini qəti şəkildə rədd edib. Sırski bildirib ki, Ukrayna üçün ədalətli sülh yalnız heç bir ilkin şərt olmadan və heç bir ərazi itirilmədən mümkündür. Onun sözlərinə görə, döyüşlər yalnız mövcud təmas xəttində dayandırıla bilər. Bu Sırskinin hamıya, o cümlədən Prezidenti Volodimir Zelenskiyə də mesajıdır ki, işğalçı Rusiyaya güzəştə getməsin". 

Analitikə görə, Donald Trampın Zelenskini niyə hədəf seçməsi onun açıqlamasının sonrakı hissəsindən aydın olur: "Ağ Ev sahibi Rusiyanın Vaşinqtonun planından razı qaldığını iddia edib. Halbuki, Rusiya prezidenti Vladimir Putin Hindistan nəşrinə verdiyi müsahibədə Trampın Moskvaya göndərdiyi nümayəndələrlə 5 saatlıq görüşü mənasız və vaxt itkisi kimi qiymətləndirib".