- Mehmet Gökhan Özçubukçu: Azərbaycan artıq Cənubi Qafqazda prosesləri müəyyən edən əsas aktordur
Cənubi Qafqaz son illərdə həm regional, həm də beynəlxalq səviyyədə mühüm siyasi dəyişikliklərin baş verdiyi əsas geosiyasi məkanlardan birinə çevrilib. Regionda təhlükəsizlik məsələləri ilə yanaşı, dövlətlərarası münasibətlər, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri də yeni istiqamətlər qazanır. Bu proseslər fonunda Azərbaycanın regiondakı mövqeyi və xarici siyasətinin əsas istiqamətləri xüsusi diqqət çəkir. Azərbaycanın mövcud geosiyasi çəkisi, prezident İlham Əliyevin qazandığı uğurlar artıq sülhə daha geniş prizmadan yanaşmağa şərait yaradır.
Beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu Sherg.az-a Azərbaycanın son illərdə nümayiş etdirdiyi diplomatik və geosiyasi rolundan danışıb:

"Azərbaycanın bu gün Cənubi Qafqazda əldə etdiyi geosiyasi mövqeyi qiymətləndirə bilmək üçün, ilk növbədə, 2020-ci ildə baş vermiş II Qarabağ müharibəsi və ardınca 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatının formalaşdırdığı yeni reallığı nəzərə almaq lazımdır. Azərbaycanın son illərdə nümayiş etdirdiyi diplomatik və geosiyasi performans yalnız hərbi uğurun nəticəsi kimi qiymətləndirilməməlidir. Əsas məsələ ondan ibarətdir ki, müharibədən sonra əldə edilmiş hərbi üstünlük diplomatik nailiyyətlərə, iqtisadi potensiala, nəqliyyat və enerji siyasətlərinə və nəhayət, regional sülh vizyonuna çevrilə bilib. II Qarabağ müharibəsi Cənubi Qafqazdakı güc balanslarını köklü şəkildə dəyişdirib. 1990-cı illərdən etibarən davam edən status-kvonun Azərbaycan əleyhinə işləyən mühüm elementləri aradan qaldırılıb, Azərbaycan öz ərazilərinin böyük hissəsi üzərində nəzarətini yenidən bərpa edib. 2023-cü ildə baş verən hadisələr isə Qarabağ məsələsinin Azərbaycan baxımından ərazi bütövlüyü və suverenlik əsasında başa çatmasını təmin edib. Beləliklə, Bakı yalnız döyüş meydanında deyil, müharibədən sonrakı siyasi prosesdə də müəyyənedici aktor mövqeyinə yüksəlib. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət anlayışının xüsusilə altını cızmaq lazımdır. Bununla yanaşı, güclü dövlət institutları, enerji gəlirləri, modernləşən müdafiə potensialı, Türkiyə ilə strateji müttəfiqlik, çoxtərəfli diplomatik münasibətlər və uzunmüddətli dövlət strategiyası mövcuddur. Bütün bu elementləri vahid strateji çərçivədə birləşdirən siyasi liderliyin rolu da burada ön plana çıxır".
Analitik vurğulayıb ki, Prezident İlham Əliyevin ən diqqətçəkən xüsusiyyətlərindən biri Azərbaycanın xarici siyasətində praqmatizmin və çoxşaxəliliyin ön plana çıxmasıdır:
"Bakı eyni zamanda Türkiyə ilə strateji müttəfiqliyini dərinləşdirərkən Rusiya ilə münasibətlərini idarə edə bilib. Avropa İttifaqı ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı inkişaf etdirib. Mərkəzi Asiyanın türk dövlətləri ilə əlaqələrini gücləndirib və ABŞ ilə münasibətlərində yeni səhifə açmağa çalışıb. Bu yanaşma Azərbaycanın hər hansı bir güc mərkəzindən tamamilə asılı olmadan, müxtəlif aktorlarla öz milli maraqları ilə münasibətlər inkişaf etdirməsinə imkan yaradır. 8-9 avqust 2025-ci il tarixlərində Vaşinqtonda keçirilmiş təmaslar və burada ortaya çıxan Azərbaycan-Ermənistan sülh gündəliyi də bu transformasiyanın mühüm göstəricilərindən biridir. Burada diqqət yetirilməli məqam Azərbaycanın müharibədən sonra diplomatiyaya keçid edə bilməsidir. Çünki hərbi qələbə özlüyündə davamlı təhlükəsizlik yaratmır. Əsl uğur hərbi gücün siyasi nəticələrə çevrilməsi və yeni regional nizamın qurulmasıdır. Azərbaycan baxımından sülh prosesinin əsas xüsusiyyəti sülhün yalnız atəşkəs anlayışı ilə məhdudlaşdırılmamasıdır. Suverenlik, ərazi bütövlüyü, qarşılıqlı tanıma və dövlətlərin bir-birinin daxili işlərinə müdaxilə etməməsi kimi prinsiplər davamlı sülhün əsasını təşkil etməlidir. Azərbaycanın uzun müddətdir müdafiə etdiyi yanaşma da böyük ölçüdə bu çərçivədə formalaşır. Buna görə də Bakının yanaşmasını yalnız “müharibəni qazanan tərəfin sülh şərtlərini qəbul etdirməsi” kimi oxumaq natamam olardı. Burada eyni zamanda yeni regional nizam yaratmaq cəhdi də mövcuddur".
Politoloq Azərbaycanın bu gün gəldiyi nöqtəni “müharibədən sülhə keçid” kimi xarakterizə etdiyini söyləyib:
"Azərbaycan artıq yalnız Qarabağ problemini həll etməyə çalışan dövlət deyil. Bu gün Bakı enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, Orta Dəhliz, Xəzər geosiyasəti, Türk Dünyasının inteqrasiyası və Avropanın enerji təhlükəsizliyi kimi bir çox məsələnin mərkəzində yer alır. Bu vəziyyət Azərbaycanın geosiyasi çəkisini Qarabağ məsələsinin çox kənarına daşıyır. Xüsusilə Orta Dəhliz baxımından Azərbaycanın mövqeyi son dərəcə əhəmiyyətlidir. Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan marşrutda Azərbaycan mühüm keçid məntəqəsidir. Buna görə də Bakının geosiyasi əhəmiyyəti yalnız malik olduğu enerji resurslarından deyil, eyni zamanda Avrasiyanın yenidən formalaşan nəqliyyat və ticarət şəbəkələri üzərindəki mövqeyindən qaynaqlanır. Bu məqamda Türkiyə-Azərbaycan münasibətlərinin də xüsusi yeri olduğunu düşünürəm. Şuşa Bəyannaməsi ilə institusionallaşan müttəfiqlik münasibətləri Azərbaycanın regional təhlükəsizlik potensialını gücləndirən əsas amillərdən biridir. Türkiyə baxımından Azərbaycan Cənubi Qafqaza və Türk Dünyasına açılan strateji qapı rolunu oynadığı halda, Azərbaycan baxımından Türkiyə Avropaya, NATO dünyasına və Qərb coğrafiyasına çıxışı təmin edən ən mühüm strateji tərəfdaşlardan biridir. Bu qarşılıqlı asılılıq regional geosiyasətin ən mühüm reallıqlarındandır".
Müsahibimiz qeyd edib ki, Azərbaycanın sülh prosesindəki mövqeyini qiymətləndirərkən Ermənistanın yanaşmasını da nəzərə almaq lazımdır:
"Keçmişdə yaşanan münaqişələr, işğal dövrü və müharibənin yaratdığı ağır humanitar və siyasi nəticələr iki ölkə arasında etimad probleminin hələ də tam aradan qalxmadığını göstərir. Bu baxımdan davamlı və həqiqi sülhün əldə olunması üçün Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hər hansı ərazi iddiasına əsas verən müddəaların dəyişdirilməsi mühüm şərtlərdəndir. Yalnız bu cür hüquqi və siyasi addımlar atıldıqdan sonra iki ölkə arasında münasibətlərin yeni reallıq əsasında qurulması və real, davamlı, uzunmüddətli sülhün təmin edilməsi mümkün ola bilər. Bu səbəbdən bu gün Azərbaycanda formalaşan “sülh reallığını” yalnız müharibənin başa çatması kimi qiymətləndirmək olmaz. Daha geniş mənada bu reallıq Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü yenidən təmin etdiyi, regional güc balanslarında aparıcı aktor mövqeyinə yüksəldiyi və artıq regional nizamın formalaşmasında söz sahibi olduğu yeni bir geosiyasi dövrü ifadə edir.Prezident İlham Əliyevin rolunu da bu çərçivədə qiymətləndirmək lazımdır. Onun liderliyi ilə Azərbaycan hərbi potensialını diplomatik potensialla, enerji gücünü iqtisadi diplomatiya ilə və coğrafi mövqeyini nəqliyyat strategiyası ilə birləşdirən hərtərəfli xarici siyasət formalaşdırıb. Buna görə də Azərbaycanın bugünkü uğurunu yalnız Qarabağda qazanılmış hərbi qələbə kimi görmək doğru deyil. Əsas məsələ bu qələbənin uzunmüddətli dövlət strategiyasına çevrilə bilməsidir".
M.G.Özçubukcunun fikrincə, Azərbaycanın qarşısındakı ən mühüm sınaq artıq müharibəni qazanmaq yox, sülhü institusionallaşdırmaqdır:
"Bunun üçün Azərbaycanın regional iqtisadi inteqrasiyanı dəstəkləməsi, nəqliyyat bağlantılarını inkişaf etdirməsi, Ermənistanla münasibətlərdə qarşılıqlı suverenlik və ərazi bütövlüyü prinsipini qoruması vacibdir. Türk Dünyası ilə Avropa arasındakı bağlantısallıqda daha fəal rol üstlənməsi lazımdır. Nəticə etibarilə, Azərbaycan bu gün Cənubi Qafqazda baş verənləri izləyən ölkə olmaqdan çıxıb, proseslərin istiqamətini müəyyən edən aparıcı aktorlardan birinə çevrilib. 2020 və 2023-cü illərdən sonra ortaya çıxan yeni güc balansı Bakıya həm təhlükəsizlik, həm də diplomatiya sahəsində mühüm manevr imkanları qazandırıb. İndi Azərbaycanın qarşısındakı əsas məqsəd hərbi qələbənin təmin etdiyi strateji üstünlüyü davamlı sülhə, iqtisadi inkişafa və regional bağlantısallığa çevirməkdir. Əgər bu proses uğurla həyata keçirilərsə, Azərbaycanın qarşıdakı dövrdə yalnız Cənubi Qafqazın deyil, Xəzər hövzəsi, Mərkəzi Asiya və Avrasiya geosiyasətinin də ən təsirli aktorlarından biri olacağı qənaətindəyəm".