Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 23-cü fövqəladə iclasında iştirak edib.
Bu barədə Sherg az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın gündəliyində İƏT-in yeni Baş katibinin seçilməsi, eləcə də Fələstin və Əl-Qüds Əş-Şərif məsələləri yer alıb.
Tədbirin əvvəlində İƏT-in yeni baş katibinin seçilməsi ilə bağlı müvafiq qərar yekdilliklə qəbuledilib. Qərara əsasən, müvafiq vəzifəyə yeganə namizəd olan Mavritaniya İslam Respublikasının sabiq xarici işlər naziri İsmayıl Uld Şeyx Ahmed İƏT-in yeni baş katibi seçilib.
İclasda çıxış edən Y.Rəfiyev yeni baş katibi təyinat münasibətilə təbrik edərək fəaliyyəti müddətində ona Azərbaycan Respublikası tərəfindən tam dəstək veriləcəyini ifadə edib. Eyni zamanda, İƏT baş katibi kimi müddəti başa çatmış Hissein Brahim Tahaya ötən müddət ərzində göstərdiyi səmərəli fəaliyyətə görə təşəkkür olunub.
Çıxışda İƏT-in mühüm beynəlxalq təsisat kimi inkişaf perspektivlərinə və qarşısında duran vəzifələrə toxunulub. Nazir müavini ölkəmizin 2027-ci ildə İƏT Dövlət və Hökumət Başçıları Zirvəsinə ev sahibliyi edəcəyini və quruma sədrlik edəcəyini xatırladaraq, təşkilatın maraqları və üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yeni baş katiblə yaxından işləyəcəyini bildirib.
İclasın gündəliyində duran Fələstin məsələsinə dair Azərbaycanın dəyişməz və prinsipial mövqeyi, beynəlxalq hüququn aliliyinə hörmətin əhəmiyyəti, habelə ölkəmiz tərəfindən Fələstin xalqına xüsusilə təhsil və səhiyyə sahəsində göstərilmiş yardımlar qeyd edilib. Y.Rəfiyev Fələstin Baş naziri Məhəmməd Mustafanın cari ilin iyul ayında ölkəmizə baş tutmuş rəsmi səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar açdığını nəzərə çatdırıb.