Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib.

Sherg.az Report-a istinadən xəbər verir ki, Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb.

"Kumamoto zəlzələsi ilə əlaqədar bu günə qədər dünyanın bir çox ölkə və regionlarının sakinlərindən, eləcə də beynəlxalq təşkilatlardan səmimi başsağlığı mesajları və konkret yardım təklifləri almışıq. Fürsətdən istifadə edərək bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm", - baş nazir vurğulayıb.

S.Takaiçi Azərbaycan daxil olmaqla, 56 ölkəyə və 7 beynəlxalq təşkilata minnətdarlığını ifadə edib.

Xatırladaq ki, iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.