140 min köçkün 2026-cı ilə qədər ata-baba yurduna qayıdacaq -AÇIQLAMA

Kəlbəcərin zəngin florası Azərbaycanın dərman bazarını tam təmin edə bilər
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfər edib, rayonun bərpası və inkişafı ilə bağlı həyata keçirilən layihələri yerində incələyib. Səfər çərçivəsində prezident sakinlərlə görüşərək onların həyat şəraiti, ehtiyacları və bölgənin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb. Prezident nitqində Kəlbəcərin tarixi, təbii sərvətləri və bərpa prosesində görülən işlərdən danışıb, rayonun həyatının yenidən canlandırılması və yaşayışın bərpası mövzusuna xüsusi diqqət yetirib. Səfər çərçivəsində prezident yaşayış kompleksinin və şəhər parkının təməlini qoyub. Bu, işğaldan azad olunmuş ərazilərə dövlətin göstərdiyi xüsusi diqqət və qayğının daha bir nümunəsidir.
Qeyd edək ki, Azərbaycanın ən böyük rayonlarından biri olan Kəlbəcər, ecazkar təbiəti, zəngin flora və faunası, bolluğu ilə seçilən su ehtiyatları və nadir təbii sərvətləri ilə diqqət çəkir. Son illərdə həyata keçirilən infrastruktur layihələri, yeni yaşayış kompleksləri və bərpa işləri bölgəyə həyat gətirmiş, rayonun əvvəlki mənzərələri ilə bugünkü inkişafı arasında aydın bir müqayisə ortaya qoyub. Bu səfər və görülən işlər Kəlbəcərin həm mədəni, həm də iqtisadi baxımdan canlanmasının mühüm göstəricisi kimi qiymətləndirilir.
Kəlbəcərə qayıdışla bağlı fikirlərini Sherg.az-a bölüşən millət vəkili Musa Quliyev deyib ki, Kəlbəcərin bu sevincli günlərinə gəlməyimiz çox da rahat olmayıb və acı tarixləri də heç zaman unutmamalıyıq: 
“Ulu Öndər Heydər Əliyevin ideyaları və tövsiyələri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışları və şəxsi nümunələri ilə milli-vətənpərvər ruhda böyüyən Azərbaycan gəncliyi  44 günlük Zəfər savaşında Vətənin azadlığı uğrunda ön cəbhəyə atıldı, şəhid oldu, qazi oldu, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Kəlbəcər sakinləri ilə görüşdə cənab Prezident qarşıda duran növbəti tarixi missiyanı cəmi üç kəlmə ilə çox sərrast ifadə etdi: "Bizim işimiz quruculuqdur!". 
Əslində, bu missiya Zəfər savaşı bitən günün səhərindən başlayıb, durmadan, dayanmadan davam edir, Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və məskunlaşma işləri günü-gündən daha böyük vüsət alır. Cənab Prezident İlham Əliyevin nəzarəti altında Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla həyata keçirilir, indiyə qədər bu məqsədlər üçün 25 milyard manat vəsait ayrılıb, 2026-cı ilin sonunda 140 mindən çox keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdıb məskunlaşması təmin ediləcəkdir”.
Kəlbəcərin mineral ehtiyatlarla zəngin olduğunu vurğulayan millət vəkili bildirib ki, Kəlbəcərin ən böyük neməti və ən doğru təyinatı turizmdir: 
“Heç bir parametri ilə Kəlbəcər dünyanın turizm incisi sayılan Alp yamaclarından geri qalmır. Lazımi işlər görərək müasir sosial təsisatlar və infrastruktur yaradılarsa, qısa müddətdə Kəlbəcər dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilə bilər. Cənab Prezident Kəlbəcər sakinləri ilə görüşdə rayonun turistik əhəmiyyətini qeyd edərək söylədi ki, Kəlbəcərdə "İsti su" sanatoriyası ən müasir tələblər səviyyəsində tikilir, başqa turistik obyektlərin, o cümlədən, kanat yolunun tikilməsi də nəzərdə tutulub. Bu həm də iritutumlu məşğulluq layihələridir.  Kəlbəcərdə artıq kənd təssərrüfatının arıçılıq və heyvandarlıq layihələri uğurla tətbiq edilir və yaxşı nəticələr verməkdədir. 
Bir fikrimi də diqqət mərkəzinə gətirmək istəyirəm. Kəlbəcərin olduqca böyük dərman bitkiləri potensialı vardır və bu potensialdan səmərəli istifadə etməyimiz lazımdır. Kəlbəcərin rəngarəng florasında 500-ə yaxın növdə dərman bitkiləri vardır ki, bu dərman bitkiləri  ürək-damar, mədə-bağırsaq, böyrək, qaraciyər, əzələ-oynaq, ağciyər, dəri, diabet və bir çox digər xəstəliklərin müalicəsində istifadə olunur. Əgər Kəlbəcərin dərman bitkilərinin davamlı olaraq toplanmasını və sənaye üsulu ilə istehsalını təşkil edəriksə, burada bütün Azərbaycanın dərman bitkilərinə olan tələbatını ödəmək imkanı vardır. Hətta dərman bitkilərini eksport da edə bilərik. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması sülh müqaviləsinin yaxın zamanlarda imzalanmasına və Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiyaların açılmasına inamımızı artırıb.
Mən çox inanıram ki, sülh müqaviləsindən sonra bütün kommunikasiyalar, o cümlədən, Kəlbəcərdən Vətənin qıraqda qalan yerlərinə gedən yollar da açılacaqdır”.