Novella Cəfəroğludan məmurlara sərt mesaj: “Vətəndaşı dinləmək lazımdır”

“Hər bir məmur bilməlidir ki, o, xalqın xidmətçisidir”

“Xalqla amiranə tərzdə danışmaq narazılıq yaradır”

Şəmkir rayon Suvarma Sistemləri İstismarı İdarəsi rəisinin vətəndaş şikayətinə biganə yanaşması, üstəlik vətəndaş şkayətini işıqlandıran və çəkiliş aparan media nüamyəndəsiylə kobud davranışı, qeyri-etik ifadələr işlətdiyini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Aşkar görünür ki, idarə rəisi vəzifə səlahiyyətlərini aşır, vətəndaşı dinləyib problemi həll etmək əvəzinə saymazlıq göstərir, hətta media nümayəndəsini də təhqir edir. 

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında ilk növbədə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevi nümunə göstərdi:

- Təəssüf edirəm ki, xalqla ünsiyyət qura bilməyən, intellektual səviyyəsi, savadı yetərsiz olan məmurlar hələ də var. Cənab Prezident daim istər müşavirələrdə, istər çıxışlarında, istərsə də vətəndaşlarla görüşlərində deyir xalqın xidmətçisidir, hər bir məmur da bilməlidir ki o, vəzifəyə xalqa, dövlətə xidmət üçün təyin edilir. Amma təəssüf ki bəzi məmurlar bunu yaddan çıxarır, xalqla amiranə tərzdə, əmr tonunda danışırlar. Vətəndaşları dinləmək istəmirlər. Hər bir məmur, yüksək vəzifəyə təyin olunmuş şəxs bilməlidir ki dövlət, Prezident qarşısında, xalq qarşısında məsuliyyət daşıyır. Onun birbaşa vəzifə borcudur vətəndaşları dinləmək, problemləri həll etmək. Məmurlar da, icra başçıları da, onların tabeliyində olan şəxslər də vətəndaşla gərəkən şəkildə mülayim, sayğılı davranmalı, tənqidə açıq olmalı, anlaşıqlı bir dildə cavab verməli, izahat aparmalı, səmimi danışmalıdır. Belə olarsa, heç kim narazı qalmaz. Problemlər hər yerdə var. Amma məmurlar intellketli, savadlı, vətəndaşla ünsiytət qura bilən olsalar, bütün problemlər tez bir zamanda həllini tapar. Amma xalqla amiranə tərzdə, hökmran kimi danışıldıqda bu, insanlarda narazılıq yaradır. Vəzifəli şəxslər vətəndaşla düzgün danışıq tərzi necə olmalıdır, bunu bilməlidir. İnsanları dinləmək lazımdır, onda narazılıq da olmaz.